“35 manatlıq subsidiya ilə istehsalçıların əlavə xərclərini ciddi şəkildə kompensasiya etmək mümkün olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov istehsalçılara subsidiya verilməsindən danışarkən deyib.
Həmsöhbətimizin fikrincə, belə məsələlərə əslində hökumət kompleks şəkildə yanaşmalıdır:
“Edilən kompensasiya tədbiri unun, buğdanın və dizel yanacağının qiymətinin bahalaşması ilə paralel şəkildə aparılmalı idi. Ancaq bu, həyata keçmədi”.
Bu səbəbdən ekspert 35 manatlıq subsidiyanın un və çörək istehsalçılarına hər hansı bir dəstək olacağını düşünmür:
“Atılan addım çörəyin bahalaşmasının qarşısını almayacaq. Son bir ayda istehlak etdiyim çörəyin qiyməti 30 faiz bahalaşıb. 700 qramlıq 50 qəpiyə olan çörəyin çəkisi 550 qrama düşüb. Bir sözlə, çörəyin qiymətində 5-15 qəpiklik artım var. Təəssüf ki, bu son da deyil. Rusiya ixrac etdiyi buğdanın rüsumunu hər tona görə 50 dollara qaldırıb. Azərbaycanda isə buğda istehsalı 250 min tondan çox azalıb. Ona görə subsidiya ayrılmalarına baxmayaraq, qarşıdakı dövrdə də qiymət artımları baş verəcək”.