Rusiyanın uğursuzluqlarının səbəbi: Vahid komandanın olmaması, səlahiyyətsizlik və avtoritarizm…backend

Rusiyanın uğursuzluqlarının səbəbi: Vahid komandanın olmaması, səlahiyyətsizlik və avtoritarizm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın başlatdığı müharibənin beş həftəsindən sonra Qərb kəşfiyyat agentlikləri təəccüblə qeyd edir ki, Moskvadakı hərbi rəsmiləri nəzərə almasaq, Ukraynadakı rus ordusunun hələ də bir “sahə” hərbi komandanı yoxdur.
Hərbi kampaniyanın “uzaqdan” idarə olunması, qoşunların qeyri-sabitliyi və kiçik zabit heyətinin səlahiyyətlərinin olmadığı ordu idarəçiliyi iyerarxiyası artıq Rusiyanın Ukraynadakı çoxsaylı uğursuzluqlarına səbəb olub.
Bu barədə Amerikanın “The New York Times” qəzeti yeni materialında yazır.
Rusiya Ukraynaya qarşı hərbi kampaniyasını Moskvadan idarə edir və yerlərdə əmr vermək, qərar qəbul etmək üçün vahid komandana sahib deyil. Belə qənaətə beş həftə davam edən müharibənin gedişatını öyrənən ABŞ dövlət qurumlarının nümayəndələri gəlib.
Onların fikrincə, bir çox hallarda məhz belə mərkəzləşdirilmiş yanaşma, Rusiya hərbi kampaniyasının Ukraynanın gözlənildiyindən daha sərt müqaviməti qarşısında niyə “bataqlığa” düşməsini izah edə bilər.
Ukraynada vahid komandanın olmaması Rusiyanın hava, quru və dəniz bölmələrinin sinxronlaşdırılmaması deməkdir. ABŞ-ın yüksək rütbəli rəsmiləri və müstəqil analitiklərin fikrincə, onların əlaqəsiz döyüş əməliyyatları zəif maddi-texniki təchizatdan, əhval-ruhiyyənin aşağı olmasından və 7.000-dən 15.000-ə qədər itkidən əziyyət çəkir.
Ən azı yeddi rus generalının ölümü də qismən bu problemlə bağlıdır. Belə ki, Qərb hərbi qüvvələrinin kiçik zabitlərə və ya yüksək rütbəli sıravi heyətə həvalə edəcəyi taktiki problemlər Rusiyada daha yüksək rütbəli zabitlərin ön cəbhəyə göndərilməsilə həll edilir.
ABŞ-ın yüksək rütbəli rəsmisi qeyd edib ki, NATO və kəşfiyyat xidmətləri həftələrlə Ukraynada Rusiyanın yüksək səviyyəli hərbi komandanın görünməsini gözləyiblər. Amma belə bir şəxs peydə olmayıb. Bu səbəbdən də Qərb rəsmiləri belə qənaətə gəlib ki, qərarları Moskvada, cəbhədən uzaq olan şəxslər – Müdafiə naziri Sergey Şoyqu, Rusiya Ordusunun Baş Qərargah rəisi general Valeri Gerasimov, hətta prezident Vladimir Putin verir.
Çərşənbə günü Bayden administrasiyasının rəsmiləri ABŞ kəşfiyyatının məxfi məlumatlarına istinad edərək bildirib ki, Putinin müşavirləri ona Rusiya ordusunun Ukraynadakı problemləri barədə yanlış məlumat verib. ABŞ rəsmiləri qeyd edir ki, kəşfiyyatın, həmçinin Putinlə bir vaxtlar onun yaxın çevrəsinin ən etibarlı üzvlərindən biri olan Şoyqu arasında artan gərginlik barədə məlumatları var.
Bundan sonra, Rusiya rəsmiləri ABŞ kəşfiyyatının iddialarını təkzib etdi.
Bununla belə, ABŞ hərbi rəsmiləri bildirir ki, 500 mil məsafədən hərbi kampaniya aparmaq çətindir. Özlüyündə belə məsafə artıq döyüşən qoşunlarla Moskvanın hazırladığı hərbi planlar arasında uyğunsuzluğa gətirib çıxara bilər. Onlara görə, Rusiya prosesi tənzimləmək əvəzinə, Ukraynanın cəld və çevik müqavimətinə uyğunlaşa bilməyən müharibə maşını yaradıb.
Digər yüksək rütbəli ABŞ rəsmisi qeyd edir ki, komandirlərin dəqiq göstərişi olmadan heç bir addım atmamaq təlimi keçən rus əsgərləri döyüş meydanında çaşqınlıq içində qalır, Putin, Şoyqu və general Gerasimov isə getdikcə daha real olmayan strategiyalar qurmağa davam edir.
Bu şaquli yanaşma o deməkdir ki, Moskva yerdəki generallara göstərişləri verir, generallar bu göstərişləri qoşunlara ötürür və yerdəki vəziyyətdən asılı olmayaraq, onlara bu göstərişlərə əməl etməyi əmr edir.
Kosovo müharibəsi zamanı NATO-nun Avropadakı müttəfiqlərinin komandanı vəzifəsində çalışmış, ehtiyatda olan general Uesli Klark deyir: “Belə yanaşma edilən səhvlərdə özünü göstərir”.
Uesli Klark
– Ötən həftə Ukrayna qüvvələri ölkənin cənubunda (Berdyansk şəhəri nəzərdə tutulur- red.) Rusiyaya məxsus “Orsk” hərbi gəmisini partladıb. General Klark bu hadisəni təsvir edərkən belə bir sual verir: “Nə qədər dəli olmaq lazımdır ki, ərazi təhlükəsizliyini təmin etmədən gəmini limana gətirəsən?”
ABŞ rəsmiləri hesab edir ki, Rusiya planlarının müəllifləri tərəfindən potensial təhlükə nəzərə alınmadan “Orsk” gəmisinin limana göndərilməsi yuxarıdan gələn qərarların aşağıda heç kimin şübhə altına almamasının göstəricisidir. Onların sözlərinə görə, “aşağıda” heç kimin strategiyada aşkar çatışmazlıqları qeyd etməyə haqqı yoxdur.
Hərbi analitiklər iddia edir ki, məhz mürəkkəb hadisələr zənciri rus generallarının ölümünə səbəb olub, onların mənşəyi isə Moskvadakı dağılmış komanda strukturundadır.
“Aylarla davam edən təlim və yəqin ki, bundan daha da uzun müddət çəkən müharibə planlaşdırılmasını nəzərə alaraq, gözlənilən vahid təşkilati arxitekturanı görmürəm”, deyə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, İraq və Əfqanıstandakı Qüvvələrin Baş Komandanı olmuş ehtiyatda olan general Devid Petreus “The New York Times” qəzetinə yazılı şərhində bildirib. 
Devid Petreus
Amerika hərbi komandanlıq strukturunda “dörd ulduzlu” komandan “sahədə” tabeliyində olan bütün hava, quru və dəniz qüvvələrini, həmçinin xüsusi və kiber əməliyyatlarını əlaqələndirir və sinxronlaşdırır. Hərbi kampaniyanın bir əsas məqsədi olur: Bir növ “ağırlıq mərkəzi”, digər əməliyyatlar isə bu məqsədə dəstək olmalıdır.
General Klark 2016-cı ildə Kiyevdə ukraynalı generallara əməliyyatı “postfaktum” təhlil etmək üzrə ABŞ metodologiyasına dair təlim keçdiyini xatırladıb. Klark onlara deyib ki, ABŞ hərbçilərinin iştirak etdiyi döyüşdən sonra “hamı bir yerə yığılıb baş verənləri təhlil edir”.
“Polkovnik öz səhvlərini kapitana etiraf etməlidir”, Klark deyib. – O, deyə bilər: “Ola bilsin ki, mən əmri çox ləngitmişəm”.
General Klarkın sözlərinə görə, ukraynalılar onu dinlədikdən sonra bunun nəticə verməyəcəyini bildiriblər. “Onlar qeyd edirdi ki, “Sovet sistemində bizə məlumatı qorumalı olduğumuzu öyrədiblər və buna görə bir-birimizə yalan danışırıq”, deyə general xatırlayır.
Putinin Ramzan Kadırovu bu həftə Ukraynanın mühasirədə olan Mariupol şəhərinə göndərmək qərarı Rusiya prezidentinin əsas müharibənin məhz informasiya müharibəsi olduğuna sarsılmaz inamını nümayiş etdirir. Bunu Rusiya xüsusi xidmət orqanları üzrə ekspert Andrey Soldatov qeyd edir. 
Vahimə yaradan çeçen – “generaldır, lakin əsl hərbi sərkərdə deyil”, Soldatov qeyd edir və əlavə edir ki, “Bu, Putinin hələ də hazırda ən vacibi təbliğat olduğuna inamını göstərir”.
Rusiya rəsmilərindən gələn siqnallar onu göstərir ki, Putin hərbi ambisiyalarını azaldaraq diqqətini Donbasa yönəldə bilər. Hərbi analitiklərə görə, bunun həqiqətən əhəmiyyətli bir dəyişiklik, yoxsa yeni hücumdan əvvəl diqqəti yayındırmaq üçün hazırlanmış manevr olması hələ aydın deyil.
Rusiya ordusu döyüş qabiliyyətinə malik qüvvələrinin yarıdan çoxunu, o cümlədən ən elit birləşmələri döyüşə cəlb edib. İndi Moskva Ukraynanın şərqinə Rusiyadan, o cümlədən Gürcüstandan əlavə qüvvələr, eləcə də “Vaqner” özəl hərbi şirkətinin muzdlularını göndərir.
Putin həmçinin 134 min nəfərin hərbi xidmətə çağırılması ilə bağlı fərman imzalayıb.
“Onların (Moskvanın) şəhər ərazilərində Ukrayna nizami və ərazi müdafiə qüvvələrini məğlub etmək, həmçinin məhv etdikləri və ya ələ keçirdikləri yaşayış məntəqələrinə nəzarət etmək üçün tələb olunan qüvvələrin miqdarı barədə dəqiq təsəvvürləri yoxdur. Bunun üçün daha yüz min rus və ya (Rusiya ilə) müttəfiq qoşunu tələb olunacaq”, deyə Əfqanıstanın şərqində ABŞ qüvvələrinə komandanlıq etmiş ehtiyatda olan “iki ulduzlu” general Ceffri Şlosser bildirib.
Tərcümə: Nizami Bağırov