Banklar vətəndaşların maliyyə sirrini qoruya bilmir – Ekspertbackend

Banklar vətəndaşların maliyyə sirrini qoruya bilmir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda dolların alışı ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Yəni kimin il ərzində nə qədər xarici valyuta alması, valyutanı necə qazanması barədə məlumat tələb olunmur”.

Bunu Reyting.az-a bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Ə. Həsənovun sözlərinə görə, Mərkəzi Bankın əməkdaşları da etiraf edirlər ki, belə bir məhdudiyyət yoxdur. Hüquqşünas əlavə edib ki, buna baxmayaraq, bir nəfər il ərzində 20 mindən çox xarici valyuta ala bilmir: “Belə olduqda banklar valyutanı dəyişmirlər, bunu edənlərə də sonradan vergi orqanlarından bildiriş gəlir, əcaib formada hesablama aparırlar.

Eyni zamanda valyutanı günün ikinci yarısında satmırlar. Rəsmi mövqe odur ki, guya bunu banklar edir, yəni 26 bank birləşib və eyni qaydanı tətbiq edirlər. Əlbəttə, belə ola bilməz.

Həm də banklar sistemə girərək vətəndaşın indiyə kimi nə qədər valyuta aldığını görürlər. Yəni bir bank hardan görə bilər ki, vətəndaş digər bankdan nə qədər valyuta alıb? Axı, bu bank sirridir. Hardan bilirlər bunu? Deməli, bunu hansısa dövlət qurumu tənzimləyir. Bu, səbəbindən asılı olmayaraq pis bir haldır. Çünki dövlət orqanları bankları qanunda olmayan işi görməyə məcbur edirlər. Belə çıxır ki, ölkə iqtisadiyyatı qanunlarla deyil, kiminsə göstərişi ilə idarə olunur. Banklar könüllü şəkildə bunu niyə etsinlər ki? Niyə gəlirlərindən olsunlar? Axı banklar valyuta əməliyyatlarından gəlir götürürlər”.

Ə. Həsənov diqqətə çatdırıb ki, bunun bir çox səbəbi ola bilər: “Bununla bir tərəfdən milli valyutanın sabitliyi qorunur, istəmirlər ki, camaat gedib xarici valyuta alsın və valyuta ehtiyatlarımız azalsın.

İkincisi, çirkli pulların yuyulmasına qarşı guya mübarizə aparırlar. Amma inkişaf etmiş ölkələrdə mübarizəni bu yolla aparmırlar. Orada hamıya istədiyi qədər xarici valyuta almağa imkan verirlər. Görəndə ki, kimsə həddindən artıq çox alır, onun gəlirlərini təhlil edə bilərlər, amma daha 20 min valyutanı yox. Odur ki, ölkəmizdə tətbiq edilən bu məhdudiyyətlər qanunsuzdur. İlk növbədə ölkənin biznes və investisiya mühitinə mənfi təsir göstərir. Cunki biznes və iqtisadiyyat qanunla tənzimlənməlidir. Belə məhdudiyyət olmamalıdır, yəni banklara sərbəstlik verilməlidir. Eyni zamanda çirkli pullarla məşğul olanlara qarşı mübarizəni qanun çərçivəsində aparmaq lazımdır”.