Viza rejiminin ləğvi Azərbaycan və Türkiyəyə nə verəcək?backend

Viza rejiminin ləğvi Azərbaycan və Türkiyəyə nə verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verildiyi kimi, Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.
Qeyd edək ki, Türkiyə və Gürcüstan vətəndaşları şəxsiyyət vəsiqəsi (hətta sürücülük vəsiqəsi ilə də) ilə 2015-ci ildən, Ukrayna və Türkiyə vətəndaşları isə şəxsiyyət vəsiqəsi ilə 2017-ci ildən qarşılıqlı səfərlər edirdilər. Müəyyən səbəblərdən Azərbaycanla Türkiyə arasında bu məsələnin həlli yubanırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfərində pasport rejiminin ləğv edilməsi ilə bağlı razılıq əldə olunub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın zamanlarda sadəcə şəxsiyyət vəsiqələri ilə səfərlərin mümkün olacağını deyib.
Türkiyə və Azərbaycan arasında pasport rejiminin ləğv edilməsinin ölkələrimiz üçün hansı nəticələri ola bilər?
Ekspertlər hesab edir ki, pasport rejiminin ləğv edilməsi Azərbaycan vətəndaşlarının Türkiyənin əmək bazarında daha rahat işləməsinə imkan yaradacaq. Hazırda Türkiyədə xeyli sayda azərbaycanlı işləyir. Amma onlar indi qardaş ölkədə “oturum” icazəsi almadan 3 aydan çox qalıb işləyə bilmirlər.
Qərarın tətbiqindən sonra daha çox işçinin Türkiyəyə gedəcəyi gözlənilir. Bu da Rusiya başda olmaqla MDB ölkələrində işləyən azərbaycanlıların sayını azalda bilər. Düzdür, Türkiyənin əmək bazarı Rusiya ilə müqayisədə o qədər də cazibədar deyil. Ancaq iki ölkənin – Türkiyə və Azərbaycanın eyni dildə danışması azərbaycanlı işçilər üçün əlavə üstünlük sayıla bilər.
Həm də viza rejiminin aradan qaldırılması iki ölkə arasında sərmayə axınına müsbət təsir edəcək.
Eyni zamanda sərhədkeçmə şərtlərinin sadələşdirilməsi turizmin inkişafını şərtləndirəcək. Qardaş ölkələrin pasport rejiminin ləğv edilməsindən daha çox yararlanması üçün ticarət razılaşmalarının sadələşdirilməsinə ehtiyac olacaq. İstənilən halda sərhədkeçmə şərtlərinin sadələşdirilməsinin hər iki ölkənin iqtisadiyyatına müsbət təsirləri olacaq.
Viza rejiminin ləğv olunmasının siyasi və təhlükəsizlik tərəfləri də var. İki ölkə arasındakı münasibətlərin az qala hərbi müttəfiqlik səviyyəsinə çatdığını nəzərə aldıqda yaranacaq problemlərin həllinin də çox zaman almayacağını demək olar.