Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidirbackend

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyeva deyib.

O, yarışın gərgin keçdiyini bildirib: “Şəxsi yarışlarda istədiyimi əldə edə bilmirdim. Lakin bu dəfə alındı. Çox möhtəşəm hisslərdir. Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir. Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki məni xoşbəxt etdi. O, hər zaman zərif cinsin nümayəndələrinə qayğı göstərir. Buradan ona dərin minnətdarlığımı bildirirəm”.

Onun sözlərinə görə, bu nəticəni daha əvvəl də gözləyirmiş: “Bu, fərdi yarış olduğu üçün bütün gözləntilərimi kənara qoymuşdum. Şükür ki, məqsədimə çatdım”.

İti zəka sahibi qələbədən sonra Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun ona zəng etdiyini söyləyib: “İlk olaraq qələbəmi onunla qeyd etdim. Onun bizə olan dəstəyi böyükdür”.

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb. Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.