“Prezident Sarkisyan İngiltərənin, baş nazir Sarkisyan Rusiyanın adamıdır” – PROQNOZbackend

“Prezident Sarkisyan İngiltərənin, baş nazir Sarkisyan Rusiyanın adamıdır” – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində sabiq Ermənistan prezidenti Serj Sərksiyanla bağlı etirazlar səngimək bilmir. Maraqlıdır, S.Sərkisyanın baş nazirlik iddiası Ermənistan hpkuməti və cəmiyyətində daha ciddi və sərt etirazlara, qarşıdurmalara səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova Serj Sərkisyanla bağlı etirazların ciddi effekt verməyəcəyini vurğulayıb:

“Düşünürəm ki, Ermənistan pis sürprizlər ölkəsi olduğundan orda hər şey gözləmək olar. Bir də baxırsan ki, gözlənilmədən parlamentə silahlı basqın olur, yaxud polis məntəqəsinə silahlı qrup hücum edib öz şərtlərini irəli sürür, prezidentliyə namizədə sui-qəsd edilir, Ermənistan əhalisi bir gün gözlərini açıb özlərini Avrasiya İqtisadi Birliyində, bir gün Avropa İttifaqı ilə tərəfdaş görürlər. Ona görə də burada heç bir siyasi qanunauyğunluq işləmir və ölkə gözlənilməzliklərlə doludur.

Lakin müşahidələr əsasında müəyyən ehtimallar irəli sürmək olar. Çünki bu ölkə beynəlxalq güclərdən tam asılıdır və məhz onların siyasətindən çıxış edərək Ermənistandakı siyasi proseslərə də müəyyən qədər qiymət vermək olar.

Düşünürəm ki, Sarkisyanla bağlı hazırkı narazılıq geniş aksiyalara və s. aparıb çıxarmayacaq. Nə üçün?! Əvvəla, Ermənistandakı hazırkı hakimiyyət və siyasi sistem böyük dövlətlərin qarşılıqlı konsensusu əsasında formalaşıb. Belə ki, açıq desək, iki Sərkisyanların ikisini də böyük güclər təyin ediblər. Prezident Sarkisyan İngiltərənin, baş nazir Sarkisyan Rusiyanın adamıdır.

Belə olan halda, ölkədə çətin ki, geniş qarşıdurma olsun. Çünki bilirik ki, Ermənistanda və ümumiyyətlə istənilən post sovet ölkəsində daxili çaxnaşmalar bir qayda olaraq xarici güclərin təhriki ilə baş verir.

Artıq sovet respublikaları Ermənistanda Miatsum, Azərbaycanda meydan hərəkatları dövrünü çoxdan keçiblər. Hazırda əksər müxalifət qüvvələrinin maliyyələşdirən, dəstək verən məhz xarici güclərdir. Ermənistan da istisna deyil. Əgər Ermənistan siyasi sistemi, ölkədə konstitusiya islahatları, ali dövlət vəzifələrinə – prezident və baş nazir vəzifələrinə təyinat burada marağı olan xarici dövlətlər arasında razılaşma əsasında həll olunubsa, hansı etirazdan söhbət gedə bilər?!

Real etirazlar ölkədə konstitusiya islahatları baş verəndə ola bilərdi ki, onda nəsə dəyişiklik baş versin. Bugünkü siyasi sistemin, o cümlədən Serj Sarkisyanın baş nazirliyə, deməli, real hakimiyyətə gedən yolunun əsası məhz onda qoyuldu.

O zaman müxalifət buna etiraz olaraq işğalçı ölkənin hər yerində “Konstitusiya islahatlarına yox deyək!” şüarı ilə kütləvi aksiyalar təşkil etməyə çalışdı, lakin ciddi nəticələrə nail ola bilmədi. Nəticədə, bugünkü siyasi sistem formalaşdı. Həmin dəyişikliklər əsasında parlament seçkiləri keçirildi və Serj Sarkisyan özünə sərf edən parlament formalaşdıra bildi. Sarkisyanın indiki baş nazir kimi ölkənin əsas real güc sahibi mövqeyinin təməlləri onda qoyuldu.

Daha sonra həmin Yelk partiyası indiki prezident Armen Sarkisyanın prezidentliyə namizədliyi parlamentdə müzakirə olunan zaman onun hələ də İngiltərə vətəndaşı olmasını, Ermənistan konstitusiyasına əsasən ikili vətəndaşlığı olan şəxsin prezident seçilə bilməyəcəyini əsas gətirərək onun prezident seçilməsinin qanunsuz olduğunu bildirdi. Lakin bütün bunlara rəğmən Armen Sarkisyan prezidentseçildi. Bütün bu şansları itirən Yelk indi Serj Sarkisyanın baş nazir olmasına etiraz edir. Çünki Ermənistan müxalifəti Qərbpərəstdir və ola bilər ki, ABŞ və Avropada müəyyən dairələr hələ də Serj Sarkisyanın baş nazir olmasını istəmirlər.

Üstəlik, erməni diasporası da Serj Sarkisyandan narazıdır. Sirr deyil ki, o, Kremlin dəstəyi ilə hakimiyyətdə qala bilir. Lakin Kremlin özünün beynəlxalq təzyiqlərə məruz qaldığı, Rusiyanın sıxışdırıldığı bir dövrdə onun vassalı Serj Sarkisyana da Ermənistanın Qərbyönümlü müxalifəti təzyiq göstərmək istəyir.

Bununla belə, bu təzyiqlər çətin ki, onun baş nazirliyinə mane ola bilsin. Sarkisyanın hakimiyyəti elə Putinin hakimiyyəti qədər ola bilər. Nə qədər ki, o hakimiyyətdədir, Ermənistanda ruspərəst siyasi qüvvələr iqtidarda olacaqlar. Fərqi yoxdur, Serj Sarkisyanın yaxud bir başqasının timsalında. Rusiya cənubi Qafqazdan gedəndə bu qüvvələr də zəifləyəcək.

Odur ki, zəif Ermənistan müxalifətinin hazırkı cəhdləri səmərəsizdir”.

 TİA.AZ