Novruz bayramı “Dəli Kür” filminə necə düşdü? – FAKTbackend

Novruz bayramı “Dəli Kür” filminə necə düşdü? – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1920-ci ilin aprel ayının 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalından və sovet ilhaqından sonra bir çox milli və dini bayramlarımıza, adət-ənənələrimizə yasaqlar qoyuldu. Bu istiqamətdə yazılan ədəbiyyat, mədəniyyət, incəsənət nümünələri məhv edildi. Buna baxmayaraq, xalqımızın içindəki iki illik azadlıq yanğısını sovet işgəncə aparatı belə tam söndürə bilmədi.

Bir çox mədəniyyət, ədəbiyyət, incəsənət xadimlərimiz yasaqları göz önünə almayaraq, öz fədakarlıqları ilə xalqımızın milli adət-ənənələrini, tarixini, milli-dini bayramlarını “Ezop” dilində olsa da, öz əsərlərində yaşatdılar, ortaya qoydular.

Sovetlər rejiminin ən çox basqısına məruz qalan bayramlardan biri də, təbii ki, yaşı minilliklərə dayanan milli bayramımız olan Novruz bayramı idi. Sovetlər nə qədər çalışsa da, sadə insanların bu bayramı keçirməsinə əngəl ola bilmirdi. “Bahar” bayramı adı ilə olsa da, insanlarımız hər ilin mart ayında bu bayramı və Novruz çərşənbələrini qeyd edirdi.

Və 1967-ci ildə Azərbaycanda Novruz bayramı “Bahar” bayramı adı altında ilk dəfə rəsmi səviyyədə respublika ərazisində qeyd olundu.

Bu bayramın sovetlərin yasaqlarına və təzyiqlərinə baxmayaraq, rəsmi çəkildə qeyd olunmasında isə Azərbaycan kommunistlərinin ovaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, görkəmli dövlət xadimi, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsiz və danılmazdır. Xüsusilə, Şıxəli Qurbanovun Novruzla bağlı xidmətləri müstəsnadır.

Ancaq bu günlərdə Novruzla bağlı daha bir maraqlı və tarixi məqam, fakt ortaya çıxıb. Belə ki, 1967-cı ildə Novruzun qeyd edilməsi mümkünləşsə də, növbəti ildə buna imkan verilməyib, keçmiş imperiya (İttifaq) rəhbərliyi tərəfindən Vəli Axundov və Şıxəli Qurbanov ciddi təzyiqlərə məruz qalıb.

Ancaq 1969-cu ildə Xalq yazıçısı İsmayıl Şıxlının yazdığı və ssenari müəllifi olduğu “Dəli Kür” filmində Azərbaycan kinosu tarixində ilk dəfə Novruz bayramı yuxarıların icazəsi alınmadan filmdə səhnələşdirilib.

Həmin səhnə Şamaxının Dədəgünəş kəndində çəkilib. Bu səhnəni isə filmin quruluşçu rejissoru Həsən Seyidzadə təkidlə filmin ssenarisinə daxil etdirib. O, hətta, bununla bağlı o zamanlar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru işləyən, eyni zamanda, şəxsi münasibətləri bir qədər sərin olan dahi sənətkar, SSRİ Xalq  artisti Adil İsgəndərovun yanına gedir və bildirir ki, icazə olsa da, olmasa da, həmin səhnəni filmdə ekranlaşdıracaq.

Adil İsgəndərovun Seyidzadənin bu cəsarətindən xoşu gələrək, “get, ürəyin  necə istəyir, çək, lazım gəlsə, yuxarılarla da danışmaq mənim boyuma” deyir və beləliklə, Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı “Dəli Kür” filmində ekranlaşdırılır.

Bugünədək həmin səhnə filmin ən maraqlı və gözəl anlarından biri kimi yaşayır.