NATO Ukrayna üzərində Rusiya raketlərini vurmağa başlaya bilərbackend

NATO Ukrayna üzərində Rusiya raketlərini vurmağa başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
NATO Şimali Atlantika Alyansı ölkələrinin sərhədlərinə, xüsusən də Ukrayna üzərindən yaxınlaşarkən Rusiya raketlərinin vurulması imkanlarını öyrənir.
Qaynarinfo xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Anjey Şeyna deyib.
“NATO daxilində müxtəlif konsepsiyalar, o cümlədən NATO sərhədinə çox yaxın uçan bu cür raketlərin vurulması ideyası təhlil edilir” deyə Şeyna RMF24 radiostansiyasında bildirib.
Bununla belə, Ukrayna ərazisi üzərində raketlərin məhv edilməsi vəziyyətində müvafiq qərar “yalnız Ukrayna tərəfinin razılığı ilə və onun beynəlxalq nəticələrini nəzərə almaqla” qəbul edilə bilər”, deyə Şeyna vurğulayıb.
Onun sözlərinə görə, Rusiya qəsdən Polşa sərhədlərini yoxlayır, lakin eyni zamanda rus ordusu bilir ki, “raket Polşaya doğru irəliləsə, vurulacaq”. “Plan müdafiə gücünü və Polşa silahlı qüvvələrinin sayıqlığını yoxlamaq idi”, deyə diplomat bildirib.
Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin məlumatına görə, bazar günü, martın 24-nə keçən gecə Rusiyadan buraxılan qanadlı raket Ukrayna ilə sərhəddə Polşanın hava məkanını pozaraq 39 saniyə orada qalıb. Bu, Lüblin voyevodalığının Oserdov bölgəsində baş verib.
Rusiya Müdafiə Nazirliyi Polşa mətbuatında yayılan xəbərləri və rəsmilərin bu barədə açıqlamalarını “vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribat” adlandırıb.