Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqləyibbackend

Baş nazir əlillərlə bağlı yeni qaydaları təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası”nın təsdiq edilib.

TİA.AZ  xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.

İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 14.2-ci maddəsinə əsasən hazırlanmışdır və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydasını müəyyən edir.

1.2. Qanunun 1.0.4-cü maddəsinə əsasən ağlabatan uyğunlaşdırılma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün hər bir konkret halda zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsi məqsədilə həyata keçirilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.

2. Ağlabatan uyğunlaşdırılmanın aparılmasının ümumi şərtləri

2.1. Qanunun 14.1-ci maddəsinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlar (bundan sonra – Təşkilat) tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərinin (bundan sonra – Obyekt) əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını bu Qaydanın tələbləri nəzərə alınmaqla aparmalıdırlar.

2.2. İstismarda olan Obyektin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Təşkilat tərəfindən bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq edilmiş müraciət əsasında bu Qaydanın tələbləri nəzərə alınmaqla aparılır.

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”na uyğun olaraq ağlabatan uyğunlaşdırmanın təmin edilməsi sahəsində aparılan dövlət monitorinqinin nəticəsində Obyektdə ağlabatan uyğunlaşdırmanın aparılması zərurəti müəyyən edilərsə, monitorinqin nəticələri həmin Qaydanın 12-ci hissəsinə uyğun olaraq rəsmiləşdirilir və bu Qaydanın tələbləri nəzərə alınmaqla Təşkilat tərəfindən baxılır.

2.4. Layihələndirilən və tikilən Obyektin əlilliyi olan şəxslər üçün müyəssərliyi Qanunun 13-cü maddəsinə uyğun olaraq qəbul edilən tikinti texniki tələblər nəzərə alınmaqla Təşkilat tərəfindən təmin edilir.

3. Ağlabatan uyğunlaşdırılmanın müraciət əsasında aparılması

3.1. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, Obyektin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması aşağıdakı şəxslərin (təşkilatların) Təşkilata müraciəti əsasında aparılır:

3.1.1. əlilliyi olan şəxsin (şəxslərin) və ya onun (onların) qanuni nümayəndəsinin (bundan sonra – Şəxs);

3.1.2. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının.

3.2. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən müraciətə şəxsin (şəxslərin) əlilliyinə dair məlumatları və Obyekt üzrə ehtiyac olan ağlabatan uyğunlaşdırılma barədə məlumat əlavə olunur.

3.3. Ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət birbaşa Təşkilata və ya Şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “e-sosial” internet portalında olan şəxsi kabineti vasitəsilə edilir.

3.4. Ağlabatan uyğunlaşdırılma ilə bağlı tabeliyində Obyekt olan Təşkilata “e-sosial” internet portalından ünvanlanmış müraciət Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə Təşkilatın şəxsi kabinetində yerləşdirilir və Təşkilatın səlahiyyətli şəxsinin mobil telefonuna bu barədə SMS göndərilir.

4. Ağlabatan uyğunlaşdırılmanın zəruriliyi və mümkünlüyü 4.1. Bu Qaydaya uyğun olaraq uyğunlaşdırılmanın zəruriliyi və mümkünlüyü Təşkilat tərəfindən aşağıdakı göstəricilər əsasında qiymətləndirilir:

4.1.1. ağlabatan uyğunlaşdırılma üzrə xərclərin Təşkilatın maliyyə imkanlarına mütənasibliyi;

4.1.2. Obyektdə mövcud olan uyğunlaşdırılma vasitələrinə daha yüksək tələblərin irəli sürülməsi.

4.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda işlədiyi zaman istehsalatda bədbəxt hadisələr nəticəsində və ya peşə xəstəliyi səbəbi ilə əlilliyi müəyyən edilmiş şəxslər həmin müəssisə, idarə və təşkilatlarda işləməkdə davam etdikdə, onların ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciətinin bu Qaydanın 4.1-ci bəndində qeyd olunan şərtlərə əsaslanmaqla təmin olunmasından işəgötürən tərəfindən imtina edilməsinə yol verilmir.

4.3. Ağlabatan uyğunlaşdırılma ilə bağlı zərurətdən artıq və əsaslandırılmamış öhdəliklərin yaradılmasına və bu sahədə suiistifadəyə yol verilmir.

5. Ağlabatan uyğunlaşdırılmanın həyata keçirilməsi

5.1. Təşkilat müraciət üzrə ağlabatan uyğunlaşdırılmaya dair qərar qəbul edənədək əlilliyi olan şəxsin öz hüquqlarından istifadə etməsinə və ya onların reallaşdırılmasına mane olan əngəllərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə həyata keçiriləcək ağlabatan uyğunlaşdırılma Şəxs (təşkilat) ilə müzakirə olunmalı və tələb olunan uyğunlaşdırılmanın xarakteri, resurslar və əldə olunacaq nəticələr öyrənilməlidir. Təşkilat müzakirənin nəticələrinə dair müvafiq məlumatları həmin gün MEİS-ə daxil edir.

5.2. Təşkilat tərəfindən ağlabatan uyğunlaşdırılmaya dair müraciətin daxil olduğu tarixdən bu Qaydanın 4.1-ci bəndi nəzərə alınmaqla, 15 (on beş) iş günü müddətində aşağıdakı qərarlardan biri qəbul olunur və müraciət edən şəxsə (təşkilata) bu barədə məlumat verilir:

5.2.1. ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar;

5.2.2. səbəbləri göstərilməklə, ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtinaya dair qərar.

5.3. Ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar qəbul edildiyi təqdirdə, Təşkilat tərəfindən 3 (üç) ay müddətində ağlabatan uyğunlaşdırılma təmin edilir.

5.4. Ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtinaya dair əsaslandırılmış qərar, eləcə də bu Qaydanın 5.3-cü bəndində qeyd olunmuş müddətin sonunda ağlabatan uyğunlaşdırılmanın təmin olunması barədə məlumat Təşkilat tərəfindən 2 (iki) iş günü müddətində MEİS-ə daxil edilərək, gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

5.5. Bu Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş qərar qəbul edildikdə, ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət olunan məsələlərin zərurətdən artıq və ya əsaslandırılmamış olması iddiası Təşkliat tərəfindən əsaslandırılmalıdır.

6. Yekun müddəalar

6.1. Obyektlərin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına dövlət nəzarəti həmin obyektlərin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, istismarda olan obyektlərin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

6.2. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən şəxslər (təşkilatlar) ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtina edilməsinə dair Təşkilatın qərarı ilə razılaşmadıqda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.