Sumqayıt gənc şəhər olduğundan burda tarixi binalar çox azdır. Amma mədəniyyət tikililəri, maraqlı yerlər az deyil. Belə məkanlardan biri də Sumqayıtda tanınmış yerlərlərdən biri olan ,köhnə sumqayıtlıların “Ximik” adlandırdığı Kimyaçı Mədəniyyət Sarayı və onun qabağındakı, görüş üçün münasib yer olan meydandır.
Qısa xatırlatma edim edim ki, Kimyaçı Mədəniyyət Sarayının memarı görkəmli Azərbaycan layihəçi, akademik , Dövlət mükafatı laureatı, əməkdar memar, Tələt Xanlarovdur.
Tələt Xanlarov
O, həmçinin 60-dan artıq unikal layihənin, o cümlədən H.Əliyev adına İdman və Konsert kompleksinin, “İçərişəhər” və “Memar Əcəmi” metrostansiyalarının, Mərkəzi Statistika idarəsinin, Nərimanov və Nizami rayonları icra hakimiyyətlərinin inzibati binalarının müəllifi olub.
Memar bütün müasir ensiklopediya və kataloqlarda Azərbaycanın ən görkəmli mədəniyyət və elm xadimləri siyahısına daxil edilib.
Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. Mədəniyyət ocağında 2013-cü ilin oktyabrında əsaslı təmir başlanılıb, 2017-ci ilində dekabrında qurtarıb. Sovet dövrü və 90-cı illərdə bu sarayda bir çox konsertlər ,tamaşalar keçirilib . Söz düşmüşkən , Azərbaycanın ilk rok qrupu olan Sumqayıtın əfsanəvi “Yuxu” qrupunun lk çıxışı 1987-ci ildə Sumqayıt şəhərində – “Kimyaçı” Mədəniyyət Sarayında baş tutub. “Kimyaçı” Mədəniyyət Sarayı Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeçilindədir. Bu ənənə kimi sovet dövründən qalıb. Çünki sovet dövrü bütün mədəniyyət klublarının bir qayda olaraq hansısa zavoda bağlılığı var idi.
.
Mədəniyyət sarayı ilə birgə onun qabağındakı meydan da təmir olunub.
Maraqlıdır ki, bu 3 mərtəbəli müasir sarayın qarşısındakı bu meydan- 5 hektar olan ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır ki,fikirləşdim onun haqqında bir yazı yazım.
Şəhər İcra hakimiyyətinin binasının və Sumqayıt Dövlət Dram Teatrın (SK-nın) qabağındakı meydanın sahəsinin nə qədər olmasını dəqiq bilmirəm , amma təxminən də görmək olar ki, burdakı meydandan balacadır.
Bura respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilməsi ilə də populyardır, sumqayıtlıların xoşladıı gəzinti , “skameyka”da oturub söhbət etmək ,yolüstü dincini almaq üçün də, istirahət yeri kimi də. Fleşmoblar üçün münasib yerdir,amma karantindən əvvəl də mən burada Fleşmob-filan görməmişəm.
Meydan həm də bura tez-tez təşrif buyuran və meydana gələnlər tərəfindən arada yemlənən çöl göyərçinlərinin də, xoşladığı yerdir…
Onu da qeyd edim ki, xatırlayanlar bilir əvvəllər meydanın ortasından eninə, park tərəfdən 4-c-cü mkr-a çıxan maşın yolu var idi, sonradan blandı bu yol.
Meydan uşaqların oynaması, velosiped, konki və s. sürmək üçün münasib və geniş məkandır.
Yerə döşənən daş plitə meydanı qəşəng görkəm verir.
Meydana həmçinin səliqəli və abad yer də demək olar ; oturacaqlar , çoxsaylı müasir taxta oturacaqlar , zibil qabları , hətta plastik qabların tullanması üçün kreativ dəmir butulka konstruksiya …
Düzdür , meydanda qeyri-adi elə bir şey yoxdur və turistik baxımdan da elə də cəlbedici deyil, xüsusi olaraq bura elə də gəlmirlər, amma ürəkaçan yerdir.
Ümumiyyətlə ərazinin 3 tərəfindən maşınlar intensiv olaraq şütüsə də sakit yerdir və ərazi çoxsaylı iri şam ağacları, yaşıllıqla zəngindir.
Axşamlar idman etmək üçün də münasibdir. Amma burada idman edən çox az olur.
44-cü məhəllədə yerləşən , 5-ci mkr-la üzbəüz olan sarayla Meydanın bir tərəfi 9-cu mikrorayona, Heydər Əliyev parkına , bir tərəfi 4-cü mkr-a, bir tərəfi də 14-mərtəbəyə baxır.
Meydanın ətrafında mini parklar, xiyabanlar , meydançalar var. Ərazi çoxlu kiçik-kişik yaşıllıqlı hissələrdən ibarətdir. Reklam olmasın, sarayla üzbəüz restoran da var-Turan Zəfəran Lounge. Düzdür,burda qiymətlər ucuz deyil, amma lap baha da deyil, səviyyəsi də babatdır. Qonağı rahat bura dəvət etmək olar. Yayda burada çöldə müştərilər taxta “besedkalar”da oturmağı xoşlayır.
Meydanın daş örtüyü də təzələnib və döşənmiş daş plitə pis deyil.
Ümumiyyətlə ərazi abadlaşdırılıb və meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulub. Meydanın mərkəzindəki fəvvarə meydana xüsusi yaraşıq verir. Lakin fəvvarə yalnız yayda işləyir.
Meydanın işıqlandırılması üçün ətrafda hündür 4 dənə projektor dirəklər quraşdırılıb. Amma onların yanan vaxtını mən şəxsən görməmişəm.
Ümumiyyətlə ərazidə xeyli sayda işıq dirəkləri quraşdırılsa da axşamlar ərazi qaranlıq olur,yalnız 4-5 işıq dirəyinin işığı yanır. Görünür qənaət edirlər.
Şablon dilnən desək, meydan istirahət edənlərin könlünü oxşayır, həm qonaqların, həm də Sumqayıt sakinlərinin istirahətinin mənalı keçirməsi üçün normal yerdir.
Amma dediyim kimi , bütün müsbətlərə rəğmən meydanda xüsusi maraqlı bir şey yoxdur, sadə meydandır, bir qədər kreativ ,“Ximik”in qabağındakı, Sumqayıtın simvollarından biri olan “Qağayı” abidəsinin, Sumqayıtın adının və velosipedin əks olundğu metal konstruksiyanı çıxmaq şərtilə.
Əlbəttə ,meydanda maraqlı olmaq üçün çox şey etmək olardı.
Bu günlük bu qədər…
İmran Kərimli
Ailetravel.net