“Skripal olayı”nda Rusiya tərəfini tutan Azərbaycan düz edibbackend

“Skripal olayı”nda Rusiya tərəfini tutan Azərbaycan düz edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekspert: “Azərbaycan beynəlxalq hüququn tərəfində çıxış edib, bizi Rusiyanı dəstəkləməkdə ittiham etmək ədalətli olmazdı…”

Azərbaycanın “Skripal olayı”nda Rusiyanın tərəfini tutması diqqət çəkib. BMT çərçivəsində keçirilən iclasda Kremlin bu insidenti araşdırmaq üçün rus ekspertlərinin də cəlb edilməsi tələbini müdafiə edən 5 ölkədən birinin Azərbaycan olması  ilə bağlı müxtəlif mövqelər səslənir.

Rəsmi Bakının bu qərarı dəstəkləyənlərlə yanaşı, səsvermədə bitərəf mövqe tutulardısa, bu, daha doğru olardı kimi düşüncədə olanlar da az deyil. Bu xüsusda Azərbaycana Qərbdən gələ biləcək təzyiqlərdən də söz açılır.

Politoloq Nəzakət Məmmədova isə Bakının beynəlxalq hüquq normaları ilə hərəkət etdiyini düşünür: “Öncə onu qeyd edim ki, İngiltərə və Rusiya arasında başlanan bu qalmaqalın əsas bir neçə səbəbi var: Rusiyanın Suriyadakı mövqeyi, Türkiyənin Afrin əməliyyatına dəstək verməsi, bununla bərabər yeni prezidentlik dönəmində Putinə qarşıdakı 6 ildə Qərblə hesablaşmasının vacibliyini təlqin etmək. Skripal məsələsində qaranlıq məqamlar çoxdur və Britaniya indiyədək nəinki beynəlxalq aləmi, hətta daxildəki bəzi siyasi qüvvələri belə öz ittihamına tam inandıra bilməyib. Məsələn, xarici işlər naziri Boris Conson məqalə yazıb və leyboristlərin lideri Korbini ”Kremlin faydalı axmağı” adlandırıb. Çünki leyboristlər Londonun ittihamlarını əsassız hesab edirlər. İngiltərənin xarici işlər naziri məqaləsində Kremlə inanan, dəstək verən tərəfləri nəzərdə tutaraq yazır ki, “onlar Kremlin saxta təbliğat hücumuna etibarlılıq qazandırmağa kömək edirlər”. Lakin Skripal məsələsində İngiltərə hökuməti və kəşfiyyat orqanları yetərli qədər inandırıcı dəlil-sübut təqdim edə bilməyib. Buna görə də heç bir ölkənin, o cümlədən Azərbaycanın onun mövqeyini dəstəkləmək məcburiyyəti yoxdur. Azərbaycan beynəlxalq hüququn tərəfində çıxış edib. Bizi Rusiyanı dəstəkləməkdə ittiham etmək ədalətli olmazdı.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Çünki Rusiya tələb edir ki, istintaqa onun mütəxəssisləri də cəlb edilsin, lakin ingilislər buna imkan vermədilər. Eləcə də Skripal və onun qızı ilə görüşə imkan verilmədi. Skripalın qızı, ümumiyyətlə, Rusiya vətəndaşı olmasına baxmayaraq, ölkəsinin Londondakı konsulluğunun hüquqi dəstək təklifindən imtina edib. Hazırda Skripal və qızının Britaniyanın kəşfiyyat alyansında birləşdiyi 5 ingilisdilli ölkədən birinə, başqa ad və soyadlarla göndərilməsi məsələsinə baxılır. Böyük ehtimalla, bu, ABŞ olacaq. Sual yaranır ki, onlar ümumiyyətlə zəhərlənmişdimi? Rusiyadakı seçkilər dövründə, Suriyada həlledici bir məqamda ABŞ-da dövlət katibi, kəşfiyyatın şefi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifələrinə sərt xətt tərəfdarlarının gətirilməsi və məhz bu zaman Skripal insidentinin meydana gəlməsi təsadüf deyil. Azərbaycan bunları yaxşı başa düşür və bu məsələdə beynəlxalq hüququn tələblərinə riayət olunmasına səs verib. Bizim həm Rusiya, həm İngiltərə ilə yaxın münasibətlərimiz var. Britaniya bizimlə böyük enerji əməkdaşlığına malik ölkədir.

Lakin bununla belə, İngiltərə Türkiyə-Ermənistan yaxınlaşmasını təşviq edən ölkədir, Ermənistanın hazırkı prezidenti belə desək, İngiltərənin adamıdır, Dağlıq Qarabağda İngiltərənin kral ailəsinə bağlı olan “Halo Trust” və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Britaniyada Bako Saakyan kimi separatçı rejim başçısını bir neçə dəfə qəbul ediblər. İngiltərə şahzadəsi Çarlzın Ermənistanın Amulsar qızıl mədənində xeyli səhmləri var. Qarsda erməni mətbəxi günləri və Ermənistanda türk mətbəxi günlərini məhz Britaniya təşkilatları həyata keçiriblər. Yəni biz haqlı olaraq Qarabağ məsələsində ilk növbədə Rusiyanı məsul tuturuq, ancaq İngiltərə, Fransa, ABŞ və başqaları da Ermənistana kömək etmək, Azərbaycanın mənafeyinə zidd addımlar atmaqda onlardan geri qalmır. İngiltərənin məşhur lordu Palmerstonun məşhur bir sözü var: “İngiltərənin əbədi dostları və əbədi düşmənləri yoxdur, əbədi mənafeləri vardır”. Bu baxımdan biz də deyə bilərik ki, Azərbaycanın əbədi mənafeləri var. Skripal məsələsində mənafeyi ondan ibarətdir ki, bir dövlət inandırıcı dəlil-sübut olmadan ittiham olunaraq beynəlxalq qınağa məruz qalırsa, demək, heç bir dövlət bundan sığortalanmayıb. Sabah eyni ittihamla istənilən ölkə üzləşə bilər. Ona görə də ölkəmiz qanuna uyğun addım atıb”.

Cavanşir ABBASLI,