Qurban Qurbanov: “Bir komandaya qarşı 4 dəfə oynamaq maraqsızdır”backend

Qurban Qurbanov: “Bir komandaya qarşı 4 dəfə oynamaq maraqsızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məğlub olduq, bunu qəbul edirəm. Bəlkə də oyuna daha ciddi yanaşmalı idik”.

Tribunainfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXX turunda “Sabah”a (2:3) məğlubiyyəti şərh edib: “Deməzdim ki, məşqlərdə arxayınlıq var idi. Çox yaxşı məşqlərimiz oldu. “Sabah”da istək daha çox idi. Bəsit qollar buraxdıq. Belə oyunların bizə faydası olur. Hər bir halda məğlub olmuşuqsa, deməli, bu gün yaxşı deyildik. Qarşıdakı oyunlara daha məsuliyyətli hazırlaşacağıq. Bu il “Sabah”la bütün oyunlarımız maraqlı oldu. Əllərinə düşən şanslardan istifadə edə bilirlər. Amma bir rəqibdən bu qədər top buraxmaq olmaz. Bəlkə də “Sabah”la matçlar futbolçuların idman formasından uzaq olduğu perioda düşür. Amma hər bir halda mən bunu qəbul etmirəm. Daha diqqətli olmalıyıq.

“Qarabağ”ın baş məşqçisi 3-cü qoldan əvvəl rəqib futbolçunun Bədavi Hüseynova dirsəyi ilə toxunduğunu bildirib: “Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qatda pozuntusudur, hansı epizod penaltidir. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidir. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdür, onu bilmirəm. Gördüyüm qədərilə Bədaviyə dirsəyi ilə toxunur. Ümumiyyətlə, Rəvan Həmzəzadə oyuna temp verən hakimdir. Bəzən də görürsən ki, belə olur”.

Qurban Qurbanov növbəti mövsümdə çempionatın formatı ilə bağlı suala cavab verib. O, eyni komanda ilə 4 dəfə qarşılaşmağın maraqlı olmadığını bildirib: “Böyük futbol ölkəsi olmaq üçün əvvəlcə komanda sayı artmalıdır. Buna ehtiyac var. Futbolu sevdirmək lazımdır. Bu gün oyunlarımıza 2000-3000 azarkeş gələndə sevinirik. Komanda sayı çox olsa, azarkeş kütləsi də artacaq. Bunlar çox vacibdir. Amma bundan da vacibi keyfiyyətdir. Düzgün qərar verilməlidir. Çətinliklər həmişə olur. Gedişatda bunu düzəltmək olar. Yaxşı layihə qurulsa, futbolu canlandıra bilərik. Sabah 4-5 komanda çempionata gələcəksə, onların problemi olmayacaqsa, böyük məmnuniyyətlə buna razıyam. Niyə bizdə 16-18 komanda olmasın? Bir komandaya qarşı 4 dəfə oynamaq azarkeş üçün bəlkə də maraqlıdır. Amma bizim üçün maraqsızdır. Kuboku da nəzərə alsaq, 6 dəfə olur. Futbolçuların bir-birini görməkdən zəhlələri gedir”.

Qeyd edək ki, “Qarabağ” mövsümdə 4-cü dəfə uduzub.