“Qaçqınkom” mərhum jurnalistin bacısına ev verəcəyini vəd etdibackend

“Qaçqınkom” mərhum jurnalistin bacısına ev verəcəyini vəd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan məcburi köçkün Sevinc Fərhadovanın mənzil problemi həll olunmadığından, çətin vəziyyətdədir.
TİA.AZ xəbər verir ki, Sevinc Fərhadova Sputnik Azərbaycan-a problemlərini bölüşüb və həll edilməsi üçün müvafiq qurumlara müraciət edib.
S. Fərhadovanın sözlərinə görə, 1993-cü ildə köçkünlük həyatı başlayandan ailəsi ilə Sabunçu rayon Pirşağı qəsəbəsindəki “Məşəl” düşərgəsində məskunlaşıblar.  Valideynləri vəfat etdikdən sonra S. Fərhadova həmin düşərgədəki evdə tək yaşayır.
“Atam, anam, bacım və qardaşım Sabunçu rayonu Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsində yaşayırdıq. Dövlət tərəfindən heç vaxt mənzillə təmin olunmamışıq. Ailə üzvlərimizin hamısı dünyasını dəyişəndən sonra mən həmin ünvanda tək yaşayırdım” –deyə Fərhadova bildirir.
Onun sözlərinə görə, həmin ünvandakı mənzili bu il mart ayının 21-də gecə saatlarında qısaqapanma nəticəsində yanıb.
“Ev yanandan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Sədr müavini də məni qəbul edərək, kömək edəcəyini bildirdi və söz verdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovla görüşüb. Daha sonra mənə zəng edərək bildirdi ki, komitə məni mənzillə təmin edəcək. Lakin Əli Həsənovun zamanında “Qaçqınkom” mənə vəd etsə də, bunu gerşəkləşdirmədi…”.
Evi yanandan sonra S. Fərhadova əvvəlcə qohumlarının yanında yaşasa da, sonradan kirayə çıxmağa məcbur olub: “Hazırda kirayədə qalıram. Zəngilan rayon İcra Hakimiyyəti aylıq kirayə haqqımı verməyə söz verib. Özüm 32 saylı Zəngilan məktəbində müəllim işləyirəm”.
Məlumat üçün bildiririk ki,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev Sevinc Fərhadovanı qəbul edib. Rzayev Sevinc Fərhadovaya onun məsələsinin nəzarətə götürüldüyünü və tezliklə evlə təmin olunacağını bilidirib.