O ƏJDAHADAN  BİZDƏ  NİYƏ YOXDUR?backend

O ƏJDAHADAN  BİZDƏ  NİYƏ YOXDUR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hibrid və elektrik avtomobillərinin ekoloji baxımdan çox faydalı olmasına baxmayaraq, Azərbaycanda bu avtomobillərin sayı çox deyil. Əsas səbəblər isə belə maşınların da adi maşınlar kimi gömrük rüsumu və vergilərə cəlb edilməsi, nəticədə kifayət qədər ciddi rəqəmin alınmasıdır.
Məsələ ilə bağlı TİA.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bir çox ölkələrdə belə avtomobillərə maraq yaratmaq üçün dövlət təşviq proqramları həyata keçirilir:
“Son 15 ildə dünyada hibrid və elektriklə işləyən avtomobillərə böyük maraq var. Bir çox dövlətlər bu marağı artırmaq üçün təşviq proqramları həyata keçirir. Məsələn, Avropada avtomobil sahibi olan şəxslər ekologiyaya vurduqları zərərə görə vergi ödəyir. Dizellə işləyən avtomobilin zərəri daha çox olduğu üçün vergisi də çoxdur. Buna görə də son illərdə Avropada dizellə işləyən avtomobillərin sayı kəskin şəkildə azalıb.

Digər tərəfdən bəzi ölkələrdə hibrid avtomobillərin vergisi çox aşağıdır, elektriklə işləyənlərdə isə ümumiyyətlə vergi tətbiq olunmur. Hətta elektriklə işləyən avtomobil alarkən güzəştlər edilir ki, bu da vətəndaşlarda elektrik və hibrid avtomobillərə maraq yaradır.
Ekspert həmçinin onu da qeyd edib ki, Azərbaycanda bu problem illərdir ki, öz həllini tapmır:
Təəssüflər olsun ki, Azərbaycanda on beş ildən çoxdur ki, sözügedən məsələ ətrafında müzakirələr gedir, ancaq hələ konkret nəticə yoxdur.
Hazırda elektriklə işləyən avtomobillərdən 15% rüsum tutulur ki, bu kifayət qədər böyük rəqəmdir. Nəticədə belə avtomobillərin qiyməti baha olur. Hibrid avtomobillərdə isə ƏDV ilə yanaşı üstəlik motorun at gücünə görə də vergi hesablanır.
Ümumiyyətlə, bizdə əsas problem gömrük rüsumları ilə bağlıdır. Əgər dövlət elektriklə işləyən avtomobillər üçün vəsait ayırmırsa, heç olmasa vergiləri və gömrük rüsumlarını sıfırlamalıdır ki, insanlarda belə avtomobillərə maraq yaransın.
Aytac Sahəd

TİA.az