Naxçıvanda seçkilərdə qalib gələn şəhid anası: “Oğlumun qan puluna…” – MÜSAHİBƏbackend

Naxçıvanda seçkilərdə qalib gələn şəhid anası: “Oğlumun qan puluna…” – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb.

Onların arasında ən çox səs toplayan 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır. O, 75,28% səs toplayıb.

Tibbi bacısı işləyən G. Rüstəmova şəhid Emin Sadiqovun anasıdır.

EMİN.jpeg (42 KB)

Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

EMİN ANA.jpeg (60 KB)

Musavat.com Gülşad Rüstəmovanı təbrik edib və onun seçkilərlə bağlı təəssüratlarını öyrənib.

– Millət vəkili olmaq üçün namizədliyinizi vermək şəxsi təşəbbüsünüz idi?

– Mən yeganə balamı şəhid vermişəm. O bala vətəni, milləti, xalqı, bayrağı üçün canından keçib. Bu gün mən onun yolunu davam etdirmək istəyirəm. Bu xalq üçün nəsə etmək arzum var. Dövlətimizlə xalqımız arasında körpü olacağam. Qazilərimizin, hüququ pozulanların, haqqı pozulanların səsi olacağam. Bu gün şəhid ailəsi olaraq heç nəyə ehtiyacım yoxdur. Bir problem olarsa, bütün qapılar üzümə açılır. Bir xəstənin dərmanlarının içindən “Emin, ruhun şad olsun” yazısı çıxırsa, bu, mənim üçün böyük şeydir. Bu gün maddi olaraq heç nəyə ehtiyacım yoxdur.

– Gülşad xanım, belə bir nəticəni gözləyirdinizmi?

– Niyə gözləməyim… Şəhid anası kimi xalqımın yanındayam. Balama verilən qan pulunu belə kəndim, elim üçün xərcləmişəm, mərasim evi tikdirmişəm. Həyətimə asfalt çəkmək istəyirdilər, icazə vermədim. Dedim, elin məzarlıq yolu düzəldilsin. Artizan vurdurmuşam ki, suyu olmayan kəndlilər istifadə etsin.

Bu səsi elimdən, obamdan yığmışam. Mən tibb bacısıyam. Amma fəhlə də deputat ola bilər.

– Seçicilərinizlə görüşəndə sizdən nə istəyirlər? Hansı ümidləri var?

– Bir rayon və beş kənddən seçicilərim var. Hamısı ilə bir-bir görüşmüşəm. Təbliğata gedəndə açıq dedilər ki, mənə səs verəcəklər. Ona görə də bu nəticəni, hətta daha yüksəyini gözləyirdim. İnşallah dövlət yanımda olacaq və onların ümidlərini doğruldacağam.

Deputatın böyük büdcəsi olmur. Yol çəkmək və ya nəsə etmək üçün şəxsi büdcəm yoxdur. Amma dövlətlə xalqın arasında körpü olacağam. Şəhid anaları da mənə dəstək verirlər.

– Oğlunuz bu gün sizin xalq tərəfindən sevildiyinizi görsəydi, yəqin ki, sevinərdi…

– Oğlum millət, torpaq uğrunda can veribsə, mənim də canım Azərbaycana fəda olsun.

Xatırladaq ki, Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olub. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində alıb. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil alıb, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirib. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

EMİN YENİ.jpeg (42 KB)

2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat edib.

EMİN SON.jpeg (126 KB)

2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat alıb və orada ilk peşə fəaliyyətinə başlayıb. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanıb, döyüşlərdə böyük şücaət göstərib, komandiri şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 2020-ci il oktyabrın 30-da anadan olduğu Şahbuzkənd qəbiristanlığında dəfn olunub.

EMİN EN SON.jpeg (82 KB)