Milli birliyimizi təbliğ edən deputatları kimlər “hədəfə alır”?backend

Milli birliyimizi təbliğ edən deputatları kimlər “hədəfə alır”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, xalqımızın milli birliyə və həmrəyliyə bəlkə də hər zaman olduğundan daha çox ehtiyacı olduğu bir vaxtda, ölkə mətbuatını təmsil edən bəzi saytlar tərəfindən anlaşılmaz, hətta belə demək olarsa, təhlükəli bir tendensiyanın formalaşdırılması müşahidə olunmaqdadır. Belə ki, bu gün Azərbaycan xalqını təhdid edən iki əsas düşmənə, koronavirus infeksiyasına və erməni qəsbkarlarına qarşı mübarizənin daha effektiv olması üçün milli birlik ideyalarını, dövlət başçımız cənab İlham Əliyevin “biz birlikdə güclüyük!” şüarı altında xalqımıza ünvanladığı çağırışları aktiv şəkildə təbliğ edən bir çox ictimai-siyasi xadimlərimizə qarşı məlum olmayan səbəblərdən bəzi saytlar tərəfindən kəskin formada “qara piar” kampaniyaları düzənlənməkdədir. Əlbəttə ki, bu, son dərəcə üzücü və ictimaiyyəti narahat edən bir durumdur.

Məsələnin ən qəribə tərəfi bundadır ki, həmin saytların səhifələrində az qala bütün “ağır günahlarda” ittiham olunan bu şəxslər hələ dünənə qədər nə yzı müəlliflərinin, nə də sayt rəhbərlərinin yadına belə düşmürdülər. Amma nə olursa, kimi Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara qarşı fikir söylədikdən sonra, kimi də gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olan şəxsləri tənqid etdikdən sonra özü bəzi saytların tənqid hədəfinə çevrilir. Məsələn, millət vəkili Mahir Abbaszadə özünün facebook səhifəsində Milli Məclisin iyul ayının 14-də, axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qisminin gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olmaları və Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının bir sıra dağıntılar törədərək, Parlamentin mülkiyyətinə və inventarına ziyan vurmaları barədə yaydığı qınayıcı xarakterli bəyanatı paylaşdıqdan bir neçə gün sonra “hədəf”ə çevrilib. Aydındır ki, xalqı təxribatçılara uymamağa, onlardan uzaq durmağa və eyni zamanda da ölkəmizdə iğtişaş salmaq istəyənləri ifşa etməyə çağıran dövlət qulluqçularına, millət vəkillərinə və ümumiyyətlə istənilən bir insanımıza qarşı düzənlənən “qara piar” kampaniyaları nəticə etibarı ilə hansısa xarici ölkədə qərarlaşmış düşmənlərimiz tərəfindən maliyyələşən bir aksiyadır. Və belə təxribatlara bizim özümüzün alət olmağımız qətiyyən yolverilməz bir haldır.

Konkret olaraq Mahir müəllimə gəlincə isə qeyd etmək lazımdır ki, millət vəkili Mahir Abbaszadə iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur. Ehtiyatda olan zabitidir. Bir qədər öncə də qeyd etdiyim kimi, bu gün dövlət başçımız cənab İlham Əliyevin milli birliyə çağırışlar, ulu öndər Heydər Əliyevin bizə miras qoyuduğu Azərbaycançılıq ideyalarının təbliği işində xüsusilə millət vəkillərinin üzərinə böyük məsuliyyət düşür. Məhz bu baxımdan da Mahir Abbaszadənin fəaliyyəti kifayət qədər təqdirəlayiqdir.

Bütün bunları nəzərə alaraq, bir daha bütün həmkarlarımıza bu kimi məsələlərdə son dərəcə diqqətli olmağı tövsiyyə etmək istərdik.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov