İNTİHAR EDƏN ƏSGƏRİN DOSTU ONUN HAQQINDA YAZDIbackend

İNTİHAR EDƏN ƏSGƏRİN DOSTU ONUN HAQQINDA YAZDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi vətən müharibəsi qazisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün müalicə aldığı hərbi hospitalda intihar edib.

TİA.AZ xəbər verir ki, o, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alırdı.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, əslən Kəlbəcərin Zəylik kəndindən olan V.Musayev Vətən müharibəsində gərgin döyüşlər zamanı kəllə-beyin travması almışdı. Onun 2 körpəsi var. İntihar edən əsgərin dostu Elgün Gəncimsoy facebook profilində onun haqqında status paylaşıb. Həmin yazını təqdim edirik:

“Vüsal dostum İlhamın yeznəsi idi. Döyüşdə olduğunu qaynatası (dostumun atası) Paşa əmidən öyrənmişdim. Yaralandığını da bilirdim. Bir gün İlham zəng edib onun vəziyyətinin yaxşı olmadığını dedi. Getdik baş çəkməyə… Mən onu görəndə psixoloji durumu yaxşı deyildi. Hospitaldan təzəcə gəlmişdi. Evin içində oyanbuyana gəzişib, öz-özünə: “Mən necə kişiyəm?! Mənə ayıb olsun ki yoldaşlarımı qoyub hospitala qaçdım! Allah məni bağışlamasın, şəhidlərin qanı mənə qənim olsun” – deyirdi. Onu sakitləşdirdim. Yaddaşı itmişdi. Mənim kim olduğumu soruşanda “yuxardan” gəldiyimi dedim. Başladı mənə yalvarmağa ki, Məni tut apar türməyə, mən yaralanıb dostlarımı tək qoydum… Həqiqətən vəziyyəti çox ağır idi. Ailəsi, hətta körpə balaları da ona baxıb ağlaşırdı. Vüsal kimsəyə məhəl qoymurdu. Elə hey özün qınayırdı… Ondan ayrılıb Goranboya gələndə yolda İlhamla Vüsal haqqında danışdıq. Belə məsləhətə gəldik ki, onun şəklin paylaşaq və yaxşı bir psixoloq tapaq. Həqiqətən Maddi problem yox idi.

Necə deyərlər tərəzinin bir gözünə Vüsalı bir gözünə də pul kisəsi qoyacaq qədər normal idi Maddi durum. Qazimizin özü fermer təsərrüfatı ilə məşğul olurdu. Ancaq buna baxmayaraq hər şeyi atıb cəbhəyə getmişdi…
Deməli, o, Tovuz döyüşlərindən sonra hərbiyə gəlir. Hərbi hissələrin birində BTR-də (Döyüş maşını) sürücü-mexanik kimi xidmət edir. Vətən müharibəsi zamanı Ağdərə istiqamətində iki döyüş əməliyyatında iştirak edir. Sonuncu döyüşü Talış kəndi istiqamətində baş verir. Həmin döyüşdə yaxınlığa düşən minaatan mərmisi Vüsalı maşına cırpıb. O aldığı kəllə-beyin travması səbəbindən Bakıya göndərilir.
Müalicə olunsa da psixologiyası yerinə gəlməmişdi. Sonuncu döyüş o qədər ağır olur ki, o döyüş meydanından təxliyə olunanda elə bilir ki, yoldaşlarının hamısı öləcək. Elə də ağlında qalmışdı. Yaddaşı və nitqi yerində deyildi. Heç nə yemirdi… Təssüf… Özümüzün diqqətsizliyi düşmən mərmisindən daha öldürücü oldu. Döyüş meydanında düşmənin ala bilmədiyi canı, Bakının mərkəzində, hərbi hospitalda baxımsızlıq aldı. Halbu ki, həkimlərə Vüsalın ailəsi onun intihara cəhd etmək istədiyini demişdi.
Əzizim Vüsal, ruhun şad olsun! Sən Vətən yolunda sağlamlığını, vicdan yolunda canını qurban verib, bizə sözün əsl mənasında vicdan dərsi keçdin.
Beynindən aldığın travma və son gördüyün döyüş səhnəsi səni aldadırdı. Ki… sən onları qoyub çıxmısan. Xəstə halınla vicdanına sığışdırmadın… Başda şeyximiz olmaqla hamıya bir-bir dedin ki, vicdan nə deyilən şeydir. Sən artıq bu dünyanı, bizi tərk etdin. Vicdanı olan sənə görə rapotun yazıb səmimi etiraf etməlidir ki, mən bu işi bacarmıram. Amma yenə deyirəm: Vic-dan!…
Bütün şəxsi heyətə fərəqət!!! Diqqət Silahlı Qüvvələrin Hərbi Hospitalına!!! Mexanik Vüsal Musayev, Vətəni və vicdanı qarşısında sonuncu döyüş tapşırığını şərəflə yerinə yetirdi…”