Cümhuriyyətimizin  100 ili və Fəriköy səfərim-FOTObackend

Cümhuriyyətimizin 100 ili və Fəriköy səfərim-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

100 il öncə bu gün uzun müddət əlimizdən alınmış dövlətçilik ənənələrimizin bərpası uğrunda tarixi bir qərar verildi;bütün Şərq aləminə , Türk dünyasına , İslam ümmətinə yenilik və müasirlik gətirən qərar. O qərar ki, qadınına, kişisinə eyni hüquqları verən , demokratiyanı və xalqın mənafeyini dövlət prioritetinə çevirən , çağdaş fikirləri və dövrün çox irəlisindəki dəyərləri yaratmağı bacaran bir Cümhuriyyətin təsdiqinə fərmandır. Və o Cümhuriyyət ki, 2 illik həyatında Azərbaycan tarixinə və gələcəyinə saysız dəyər və yenilik qatdı. Bunun nəticəsidir ki , Şərqdə ilk parlamentli Respublikanı quran və qadına seçki hüququ verən, üçrəngli dövlət bayrağını və Azərbaycan türkcəsini rəsmi şəkildə bəyan edən , ilk universitetimiz olan Bakı Dövlət Universitetinin əsasını qoyan , 100-dən çox gəncimizi xaricə təhsil almağa göndərən , ilk muzeyimizi yaradan məhz bizim cümhuriyyətdir.

Xalqımızın Hürriyət və İstiqlaliyyət məfkurəsini yenidən bərpa edən Cümhuriyyətimizin qurucuları Məhəmmməd Əmin Rəsulzadəyə ,Fətəli xan Xoyskiyə , Nəsib bəy Yusifbəyliyə , Əlimərdan bəy Topçubaşova , Xosrov paşa Sultanova , Məhəmmədhəsən Hacınskiyə , Həmid bəy Şahtaxtinskiyə və digər cümhuriyyətçilərə sonsuz təşəkkürlüyümü bildirir , ruhları önündə hörmətlə əyilir və sayğıyla yad edirəm.

2 il əvvəl İstanbula səfərim zamanı gediləcək yerlər siyahısında birinci və ən şərəfli bir  yer var idi ki , səyahətim başlanandan səbirsizliklə ora çatmağı gözləyirdim. Elə çatdığım gün kiçik bir araşdırmayla Cümhuriyyətimizin ilk Hərb Naziri və Qarabağın general-qubernatoru vəzifəsində çalışmış, əslən Laçın rayonundan olan Xosrov bəy Sultanovun məzarını təyin etdim.

Tarixçi Ceyhun Nəbiyevin köməkliyi ilə isə  İstanbul şəhərində Feriköy məzarlığında arzuma çata bildim. Xosrov bəy Sultanovun məzarını tapan kimi onun ruhuna dua oxutdurub ,məzarını təmizlədim.Məni özünə çəkib ora aparan milli ruh məni onun məzarından ayrılmağa qoymurdu .İnsanın içindəki qürur və fərəh hissi vətəndən ayrı qalan bu məzarın ayrılıq duyğusuyla tüğyan edirdi. Çıxarkən məzarların qayğısında qalan çox dəyərli insan-Kadir Aydoğan bəyə təşəkkürümü bildirdim və dəstəyimi göstərdim.  Burada Xosrov bəylə yanaşı digər istiqlaliyyət mücahidlərinin məzarları da diqqətimi cəlb etdi .

 

Ümumiyyətlə bura gələrkən Xosrov bəyin məzarını ziyarət etməyi özümə şərəf sandım və düşünürüdüm ki,bunu etmək azərbaycanlı olaraq  borcumdur.Mən həmişə hər bir vətəndaşımızın da mənimlə eyni hissləri bölüşməsini arzu etmişəm . Dünyanın dörd bir yanında vəfat edən Cümhuriyyət mühacirlərimizin və ya digər səbəblərə görə  həyatdan köçən həmvətənlərimizi ziyarət etmək onların vətəndən ayrı qalmış ruhlarını sevindirmək deməkdir. İstanbulda  Xəlil bəy Xasməmmədov, Nağı bəy Şeyxzamanlı, Xosrov bəy Sultanov , Ankarada Məhəmməd  Əmin Rəsulzadə, Fransanın paytaxtı Parisdə da Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyov , Teymur bəy Novruzov(1-ci Dünya Müharibəsi iştirakçısı) , Gürcüstanda Fətəli xan Xoyski , Həsən bəy Ağayev , Məmmədhəsən Hacınski, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh ,  Sloveniyada Mehdi Hüseynzadən(Mixaylo)  və  .s.

 

Dünyanın ondan çox ölkəsində yüzlərlə adlarını sadalaya bilmədiyim şəxsiyyətlərimizin ruhu  yatır. O şəxsiyyətlər ki, xaricdə dünyaya göz yumsalar da yandırdıqları məşəl Azərbaycan adıyla hələ də yanır və günü-gündən daha da güclənir , böyüyür…

İlqar İmranov