Bakıda ölünün ən ucuz yuyulduğu məsciddə: – “Eşkiya” söhbətindən kəfən puluna qədər “no problem”backend

Bakıda ölünün ən ucuz yuyulduğu məsciddə: – “Eşkiya” söhbətindən kəfən puluna qədər “no problem”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məscid müsəlmanların ibadət etdikləri, Tanrı ilə acizanə şəkildə əlaqə qurduqları müqəddəs məkan hesab olunur.

Məscidi “Allahın evi” də adlandırırlar. Hər gün içərisində kütləvi namaz qılınan, dualar oxunan, yas mərasimləri keçirilən məscidlərin qapısına uzun müddət qıfıl vuruldu. İnsanları Allah evlərindən didərgin salan səbəb isə koronavirus pandemiyası idi. Həmin müddətdə təkcə azan səsi eşidilən məscidlərə girişə ancaq son mənzilə yola salınmaq üçün gətirilənlərə icazə var idi. Yəni məscidlərin ibadət yerləri fəaliyyət göstərməsə də, “yuyat yeri” işləyirdi.

İyun ayının 10-dan isə ölkəmizdə yoluxma sayının azalması ilə bütün ibadət yerlərində dini ayinlərin icrasına qoyulan müvəqqəti qadağa aradan götürüldü. Hazırda ibadət yerlərinə ümumilikdə 50 nəfərdən çox olmamaq şərtilə insanlar öz dini ayinlərinin icrası üçün gələ bilərlər. Lakin ibadət yerlərinə gələrkən COVID-19 pasportunun olması mütləqdir.

Cebhe.info olaraq biz də hazırda məscidlərdəki ümumi vəziyyəti öyrənmək məqsədilə Təzəpir məscidinə yollandıq. Təzəpir məscidi kompleksinin həyətinə giriş üçün bir neçə səmtdən darvaza var. Digərlərindən fərqli olaraq, təkcə mühafizə xidmətinin yerləşdiyi qapı açıq idi. Həmin qapıdan məscidin həyətinə girdikdə isə mühafizəçi bizdən yalnız hansı məqsədlə gəldiyimizi soruşdu. COVID-19 pasportunun olub olmaması ilə maraqlanmadı.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də burada yerləşir. Nabat Aşurbəyovanın vəsaiti hesabına memar Zivərbəy Əhmədbəyov tərəfindən inşa edilən məscidin təmiri üçün sonuncu dəfə 2018-ci ildə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılıb. Məscid əsaslı şəkildə təmir olunub. Ərazisinin yenidən genişlənməsi nəzərdə tutulan məscidin ətrafında sökülmüş, tikintisi yarımçıq qalmış evlər görülməkdədir.

Nəzir qutusu haradadır?

Elə məscidin imamı da hazırda məscidə az adamın gəlməsini, həm də məscidin yaxınlığındakı evlərin sökülməsi, adamların köçüb getməsi ilə əlaqələndirdi. Məscidin imamı ilə söhbət etməmişdən öncə qadınlar üçün ayrılmış ibadət otağına daxil olduq. Məsciddə bizdən və özünü xadimə kimi təqdim edən yaşlı qadından başqa heç kim yox idi. İbadət üçün gəldiyimizi zənn edən qadın bizə namaz qılmaq üçün qibləni, dua etmək üçün mehrabı göstərdi. Dualarımızı etdikdən sonra nəzir atmaq üçün qutunu axtardıq. Digər məscidlərdən fərqli olaraq üstünə “nəzir qutusu” yazılmayan, amma nəzir-niyaz üçün nəzərdə tutulan küncə qoyulmuş balaca qutu gözümüzdən yayınmadı. Ayaqqabılarımızı soyunub içəri keçdiyimiz üçün çoxlu duasını və təşəkkürünü eşitdiyimiz yaşlı qadından bu işlərin müqabilində nə qədər əmək haqqı aldığını soruşduq. O isə bizdən yarasını qoparmamağı, bütün bunları Allah yolunda etdiklərini dedi.

Nə namaz qılan var, nə dua oxuyan, əvəzində “Eskiya”söhbəti var…

Kişilərin ibadəti üçün nəzərdə tutulan üçün yerdə də vəziyyət eyni idi. Nə dua edən, nə namaz qılan rast gəldik. Məscidin həyətində də sakitlik idi. Küncdəki otaqdan qarışıq kişi səsləri gəlirdi. Səs gələn otağa yaxınlaşdıq. Yaxınlaşdıqda bu otaqda da dua edən kəsə rast gəlmədik. Məscidin axund və imamlarının toplaşdığı bu otaqda “Eşkiya” kimi tanıdığımız türk serialının bitməsinə təəssüflənən kim, gündəlik məişət qayğılarından şikayət edən, meyvə soyub yeyən, kitab oxuyan kim…

Söhbət üçün “no problem…”

Salam verib içəri keçirik, məscidin imamlarından biri telefonda kimisə “no problem” deyərək arxayın saldıqdan sonra bizimlə söhbətləşir. Dövlətdən məscidlərə yardım ayrılmadığını deyən məscidin imamı Hacı Şamil Rəsulov çətinliklərindən danışdı.

“Nəzir vermirlər, amma isti döşəmə istəyirlər”

O deyir ki, ola bilər ki, hansısa icmaya ildə min, iki min manat yardım ayrılır, ancaq onlara gəlib çatmayıb:

“Məscidlər ancaq özləri özlərini idarə edirlər. Çox məscidlərimiz özü özlərinin aylıq kommunal xərclərini ödəyə bilmir. Məscidlər şəxsi ianə, nəzir, “Yasin” oxunması, kəbin kəsməyə görə ödənən pul hesabına dolanır. Məsələn, gündə 20 nəfər namaz qılmağa gəlir, amma heç biri pul vermir. Amma isti döşəmə də istəyirlər, sərin su, istu su, məscidin təmizliyini də tələb edirlər. Nəzir ödəyən sıfır dərəcəsindədir. Bəlkə ziyarətgaha pul verirlər, məscidə o qədər də pul verilmir. Məscidə namaza, ibadətə gəlirlər”.

Ayda “Yasin”ə görə cəmi 30-40 manat yığılır

Qıraqdan söhbətə qoşulan imamlardan biri deyir ki, ölkədə elə məscid var ki, dövlətə 20 min, 30 min borcu var, ödəyə bilmir. Elə özlərinin aylıq su pulunun 3 min manat təşkil etdiyini də qeyd edir. Məscidin mərasim zalının da pandemiyaya görə qapalı olduğunu öyrəndikdən sonra ibadət yerinin neçə işçisinin olduğu ilə maraqlanırıq. Bildirirlər ki, məscidin rəsmi olaraq 5 imamı, 10-a yaxın işçisi var. Onların maaşına müəyyən qədər Qafqaz Müsəlmanları İdarəsinin kömək etdiyini, bir az da nəzir-niyaz, “Yasin” oxunması, kəbin kəsməyə görə ödənilən pulla qarşılandığını deyirlər. İmamlar hazırda “Yasin” oxunmasına görə yığılan pulların ay sonunda 30-40 manatdan o tərəfə keçmədiyini də təəssüflə qeyd edirlər.

Namaz vaxtı qapılar açılır, sonra da bağlanır

Məscidin qapısının həmişə açıq olduğu deyiminə söykənərək imamdan soruşduq ki, Təzəpir məscidi kimsəsizlərə, evsizlərə ev ola bilirmi?

Məscidin imamı bildirdi ki, məscid bunun üçün deyil:

“Məsciddə o şərait yoxdur, məscid ibadət yeridir. Məsciddə kimsə gəlsin yatsın, qalsın, bu mümkün deyil. Məscidin öz əxlaqı, ədəbi var. İnsanlar bura gələndə təmiz, pak olmalıdırlar. İnsan yatanda başqa proseslər gedir, bizdə də bunun üçün əlavə otaqlar yoxdur. Namaz vaxtı qapılar açılır, sonra da bağlanır. Bu, qanunla da belədir”.

“Ölünü ən ucuz bizdə yuyurlar”

İmamları ilə sağollaşıb, yol alırıq məscidin “yuyat yeri” adlandırılan əraziyə. Qarşısında yaxınını son mənzilə salmağa hazırlaşan kədərli insanların olduğunu görüb, içəri girmirik, işçilərlə söhbət edirik. Məlum olur ki, burda da işçilərin vəziyyəti yaxşı deyil. Yəni ölüsünü yumağa gətirən adamlar bəzən tələb olunan məbləği vermirlər. Adının açıqlanmasını istəməyən şəxs deyir ki, ölünün yuyulması, kəfən, sidr-kafur, pambıq birlikdə 50 manat edir. İşçilər iddia edirlər ki, bu proses ən ucuz Təzəpir məscidindədir. Ölünün bir gecəlik saxlanması isə 15 manata başa gəlir.

“Əsas yumağa adam gətirsinlər, heç kəfən pulu da istəmirik”

“Yuyat yeri”nin işçiləri deyirlər ki, əsas yumaqdır, yumağa adam gətirsinlər, heç kəfən, pambıq pulu da istəmirik. İnsanların öz ölülərinin yuyulduğu yerə girmədiyini deyən işçilər xeyli yorğun, gərgin və narahat idilər. Bilmirik, işçiləri bu qədər gərgin edən hər gün insan həyatının gerçək sonu ilə rastlaşmaqlarıdır, yoxsa əməklərinin qarşılığını ala bilməməkləridir. Məsciddə artıq müzakirə etməyə mövzu, söhbətləşməyə adam tapmadıqdan sonra işimizi yekunlaşdıraraq “yuyat yeri”ndən son mənzilə yola salınanla birgə çıxırıq məsciddən. Onun Allah evinə gəlişi son, bizimki isə davamlı ola bilər…