“Qobu Park-2” yaşayış massivinin sakinləri təhlükə ilə üz-üzədirlər – ŞİKAYƏT + VİDEObackend

“Qobu Park-2” yaşayış massivinin sakinləri təhlükə ilə üz-üzədirlər – ŞİKAYƏT + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayon sakinləri sahibsiz itlərin hücumuna məruz qaldıqlarını iddia ediblər.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan qəsəbə sakinləri hər gün təhlükə ilə üzləşdiklərini bildiriblər:

“Qaradağ rayonu Lökbatan qəsəbəsi “Qobu Park-2” yaşayış massivində sahibsiz itlərin hücumuna məruz qalırıq. Bir neçə dəfə itlər adamları qapıblar. Xeyli insan buna görə peyvənd də vurdurub”.

Şikayətçilər ərazidə yaşayan bir qadının itlərin toplanaraq peyvənd vurulmasını həyata keçirən aidiyyəti qurumların işinə mane olduğunu da dilə gətiriblər:

“Ərazidə bir qadın yaşayır. İtlərin ərazidən aparılmasına imkan vermir. Sosial şəbəkələrdə canlı yayım açır, video çəkir, camaatı şantaj edir ki, guya itləri öldürürlər. Ona görə oraya kimsə gəlmir, itlər də ərazidən aparılmır. İtlər nə quduzluğa görə peyvəndlənir, nə də qısırlaşdırılır. Sayı isə durmadan artır. Aidiyyəti qurumlara müraciət olunub. Lakin o qadına görə heç kim bu məsələ ilə məşğul olmur. Digər sakinlər, qadınlar, uşaqlar təhlükə altındadırlar”.

Qaradağ Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, itlərin hücumları ilə bağlı çoxsaylı şikayətlər daxil olub:

“Yazılı formada olmasa da, çoxsaylı şikayətlər daxil olub. Biz də Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə yönəltmişik. Qeydiyyata alınıb, tədbir görüləcək”.

Lökbatan bələdiyyəsindən  bildirilib ki, bu məsələ ilə bağlı şikayət daxil olmayıb:

“Belə bir məsələ ilə bağlı bizə şikayət daxil olmayıb. Əlaqə saxlayarıq, araşdırma aparılar. İti vurmaq da olmaz. İcazə yoxdur. Aidiyyəti qurumlarla əlaqə saxlayıb, məsələni bildirərik. Bu günə qədər məlumat verilməyib. Bu gündən işə başlanacaq”.

Sakinlərin redaksiyamıza göndərdikləri görüntüləri təqdim edirik: