Müşfiq Atakişiyevin bu səbəbdən azadlığa buraxılması istənildi – FOTObackend

Müşfiq Atakişiyevin bu səbəbdən azadlığa buraxılması istənildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

Tribunainfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda müttəhimlərin vəkilləri müdafiə çıxışı ediblər.

Qətlin icraçısı kimi mühakimə edilən Samir Quliyevin vəkili müvəkkilinə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini istəyib.

Dəyanət Quliyevin vəkili isə müdafiə etdiyi şəxsin Müşfiq Atakişiyevdən Tariyel Əhmədovu ilə bağlı öldürməsi sifariş almadığını deyib. Vəkil Quliyevə yüngül cəza verilməsini xahiş edib.

Eks-rektor Müşfiq Atakişiyev isə verilmiş ittihamla razılaşmır. Onun vəkili deyib ki, müvəkkilinin Tariyel Əhmədovun qətlini sifariş verməsi haqda istintaq materiallarında yazılanlar həqiqəti əks etdirmir. Müdafiəçi Müşfiq Atakişiyevin cinayət işinə müddətin keçməsi səbəbindən xitam verilməsini, məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Hökm iclası aprelin 26-a təyin edilib.

Əvvəlki iclasda prokuror təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda 15 il həbs cəzası tələb edib.

Qeyd edək ki, hadisə 13 il əvvəl – 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.