“Paşinyanın yallı getməsi Həmid Herisçinin yanında yüngül işdir” – Yazarlardan reaksiyabackend

“Paşinyanın yallı getməsi Həmid Herisçinin yanında yüngül işdir” – Yazarlardan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazıçı Həmid Herisçinin Azərbaycan Yazıçılar Birliyinə üzv olması müzakirə mövzusuna çevrilib. Yazıçının AYB sədri Anarla paylaşdığı foto, əlində üzvlük vəsiqəsini tutması birliyə qarşı olan qələm əhlinin tənqidinə səbəbə olub. Tribunainfo.az xəbər verir ki, yazıçı Rasim Qaraca Həmid Herisçinin də “Boz axına” qoşulduğunu bildirib:

“Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın “prinsipiallığına” heyrət etdim. Mübarizəni sona qədər apardı. Malades!”.

Yazıçı Şərif Ağayar da H.Herisçinin Anarla olan paylaşımını “dəhşətli foto” adlandırıb:

“Paşinyanın “Cıdı düzü”ndə yallı getməsi bunun yanında elə yallı getmək qədər yüngül bir işdir. İnanın. İnsanı da işğal edirlər, onun da üstündə bax beləcə yallı gedirlər. Vətəni bir gün azad eləmək mümkün olur, işğal olunan insan isə bir daha heç vaxt geri qayıtmır. Biz buna layiq deyildik. Qiyamət günü Tanrı bu lənət üçün heç bir səbəb tapa bilməyəcək. Özü özünü cəzalandıracaq. Cəhənnəmə özü özünü göndərəcək”.

Yazıçı Kəramət Böyükçöl isə bildirib ki, H.Herisçini tənqid etmək lazım deyil:

“Guya Həmid Herisçi dissident-zad idi, indi gedib Yazıçılar Birliyinə üzv olub deyə tökülüblər üstünə ki, niyə belə elədin. Üzv olub olub da. Anarın da, Həmidin də yaxşı bir əsəri varsa və o əsər yaşamağa layiqdisə, yaşayacaq, ortalıqdakı bu kimi boş-boş söhbətlər isə yaddan çıxıb gedəcək.

O ki qaldı Həmid və onun kimi adamların gedib Yazıçılar Birliyinə üzv olmağına, bunun səbəbi odur ki, onlar Yazıçılar Birliyini və onun rəhbərini özündən böyük görürlər, ona görə gedib onun içinə girir, kölgəsinə sığınırlar. Məsələn, nazir Anarın zənginə cavab verər, Həmidin yox. Çox güman heç Həmidi tanımırlar. Məsələn, Həmidə nəsə lazım olsa, öz sözü keçməz, amma Anarın təqdimatı keçər. Amma məsələn, mən dövlətdən nəsə umsam, Anarın təqdimatına və ya onun zənginə ehtiyacım yoxdu, öz sözüm bəs eləyir. Öz sözü olmayanlar, öz gücü olmayanlar həmişə kiminsə qanadının altına sığınmaq ehtiyacı hiss eləyir. Həmid də onlardan biri. Amma məsələ burasındadır ki, bunlardan nəsə istəyəndə uzaq başı bir dəfə verirlər, sonra heç özləri də sənə hörmət eləmirlər, üzü açılmış qız kimi yalvara-yalvara qalırsan. Ona görə də öz zəhmətinlə yaşa, öz gözünün nuru, əzab-əziyyətlərinlə yaşa və yalnız oxucularına güvən”.

Nigar