Əqli Mülkiyyət Agentliyində gənc ixtiraçılarla görüş keçirilibbackend

Əqli Mülkiyyət Agentliyində gənc ixtiraçılarla görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əqli Mülkiyyət Agentliyində ölkəmizin müxtəlif ali məktəblərində təhsil alan tələbə və doktorarantlar, o cümlədən elm sahəsində çalışan gənclərlə görüş keçirilib.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov tədbiri giriş sözü ilə açaraq əqli mülkiyyətin əhəmiyyəti, müasir iqtisadiyyatda onun rolu barədə danışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyun tarixli “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Fərmanı əsasında ölkəmizdə ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, Agentlik tərəfindən milli ixtiraçılara texnologiyalarının kommersiyalaşdırılması məqsədilə müvafiq dəstəyin göstərildiyi vurğulanıb.

Mərkəzin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova ixtira və faydalı modelə patent alınması üçün milli və beynəlxalq iddia sənədlərinin verilməsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının müvafiq məlumat bazalarında patent axtarışının həyata keçirilməsi qaydalarını ətraflı izah edib.

Həmin şöbənin aparıcı məsləhətçi-ekspertləri Nazilə Cahangirova və Əlixan Rzaquliyev PCT və Avrasiya patenti üçün müraciətin edilməsi, ərizələrin doldurulması və digər müvafiq prosedurların yerinə yetirilməsi qaydalarını praktiki nümayiş etdiriblər.

Tədbir iştirakçıları öz elmi araşdırmaları sahəsində təcrübələri ilə bölüşüblər. Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşdə ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan-Fransız Universitetininin tələbə və doktorantları, müxtəlif elmi müəssisələrin əməkdaşları iştirak ediblər.