Əfqanıstan yolu keçmiş sovet qadınları – ərə getdiyi gün pusquya düşüb həlak olan tibb bacısıbackend

Əfqanıstan yolu keçmiş sovet qadınları – ərə getdiyi gün pusquya düşüb həlak olan tibb bacısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1979-1989-cu illərdə Əfqanastandakı sovet hərbi kontingentinin şəxsi heyəti arasında təkcə kişilər deyil, qadınlar da xidmət ediblər. Bununla yanaşı, bu 10 il ərzində SSRİ-dən Əfqanıstana könüllü gedən qadınlar da olub…

Əfqanıstanda xidmət edən qadınlar haqqında mətbuat heç vaxt açıqlama verməyib. Hərbi hissələrdə xidmət edən qadınlar sovet hərbi kontingentinin, 40-cı ordunun tərkibinə əmrlə düşüb. Mülki qadınlar isə yerli hərbi komissarlıqlara müraciət edərək müqavilə əsasında Əfqanıstanda işləyiblər.

Sovet-alman müharibəsindən fərqli olaraq Əfqanıstan müharibəsində qadınlar döyüş əməliyyatlarına cəlb edilməyiblər, döyüşçü qismində xidmət etməyiblər. Onlar əsasən rabitəçi, katibə, makinaçı, aşbaz, çamaşırxana işçisi, tərcüməçi, xidmətçi, hərbi mağazalarda satıcı, tibb bacısı və həkim kimi fəaliyyət göstəriblər.

10 il ərzində Əfqanıstanda xidmət edən qadınların sayı təxminən 21-23 min nəfər olub (bəzi mənbələrdə 28-32 min nəfər). Onlardan 1357 nəfəri SSRİ-nin orden və medalları ilə təltif olunublar.
Rəsmi statistikaya görə, 10 il ərzində Əfqanıstanda hərbi xidmtdə olan və işləyən sovet qadınlarından 61 nəfər həlak olub. Qeyri-rəsmi statistikaya görə isə, onların sayı 150 nəfəri ötüb.

загружено.jpg (88 KB)

Əslində sovet qadınlarının bir çoxu (mülki qadınlar) Əfqanıstana heç də könüllü getməyiblər. Onlar sadəcə öz xarici ölkədə işləmək arzularının bəlasına düşüblər. Belə ki, 1970-ci illərdən başlayaraq SSRİ-də yaşayan bəzi qadınlar Varşava müqaviləsi ölkələrindəki sovet qoşunlarının hərbi hissələrində işləmək arzusunda olublar. Xarici ölkələrdə hərbi xidmət keçənlərə xüsusi güzəştlərin tətbiq edilməsi bu arzuya düşənlərin sayını daha da artırıb və onlar bununla bağlı hərbi komissarlıqlara rəsmi yazılı müraciətlər ediblər. Xüsusilə ali və orta tibb təhsili olan qadınlar xaricdə işləməyə daha çox meyl ediblər.

Hərbi komissarlıqlarda qeydiyyata düşən bu qadınlar 1979-cu ilin sonlarından başlayaraq komissarlıqlara dəvət alıblar və onların bir qismi Əfqanıstana göndərilib. Əfqanıstanda ikiqat əmək haqqı ödənildiyindən onların bir çoxu qanlı məkana getməkdən imtina etməyiblər.

images.jpg (105 KB)

1981-1986-cı illərdə Əfqanıstanda tibb bacısı kimi xidmət edən Yelena Kvartsova jurnalistlərə müsahibələrində Əfqanıstan dəhşətlərini belə bölüşüb: “Mən tibb texnikumunu bitirmişdim. Orta tibbi təhsilim olsa da sanitar işləyirdim. Valideynlərimi erkən itirmişdim. Dolanışığım çox çətin idi. Bəzən gecələr küçələrdən və parklardan boş şüşə qablar yığırdım, məntəqəyə təhvil verib çox kiçik bir məbləğdə pul alırdım. Başqa çıxış yolun yox idi. Nəhayət, qərara aldım ki, hərbi komissarlığa müraciət edim. Almaniyaya getmək istəyirdim, oradakı SSRİ-nin hərbi hissələrində tibb bacısı kimi xidmət etmək arzusundaydım. İki ildən sonra, 1981-ci ildə məni komissarlığa çağırdılar, bildirdilər ki, Əfqanıstana göndərə bilərlər. Onu da qeyd etdilər ki, Əfqanstanda ikiqat maaş alacam və əlavə güzəştlərə, imtiyazlara malik olacam. Düşünmədən razılıq verdim. Bir həftədən sonra artıq Kabulda idim. Bir neçə gün Kabuldakı bölgü düşərgəsində qaldım, sonra məni səhra hospitalına tibb bacısı təyin etdilər. Səhra hospitalları tikilidə deyil, çadırlarda yerləşirdi. İşlədiyim hospital döyüş əməliyyatları gedən ərazilərdən çox da uzaq deyildi. Yayda bu yerdə temperatur müsbət 40 dərəcədən çox oludu. Olduqca ağır bir şəraitdə işləyirdik. Heç bir sanitar-gigiyenik qaydalardan söhbət gedə bilməzdi. Gecələr yatmırdıq ki, siçovullar yaralıların üstündə gəzməsin. Qışda isə havalar çox kəskim soyuq keçirdi. Buşlatda yatmaq məcburiyyətində qalırdıq. Hərbi əməliyyatlardan sonra həkimlər və tibb bacıları bəzən sutkalarla yuxusuz qalırdılar. Dəhşətli səhnələr hər gün yenilənirdi. Beş il bu dəhşətlərin içində yaşadım, işlədim. SSRİ qayıtdıqdan sonra rütbə aldım, Ukraynada hərbi hospitala təyinat verdilər, həmçinin mənzillə də təmin olundum. Sovet qadınlarının çoxusu mənim kimi əlacsızlıqdan Əfqanıstana gedirdilər…”

Əfqanıstanda xidmətə gedən qadınlardan üç nəfəri isə elə xidmətlərinin birinci günü həlak olublar. Vertolyotla dislokasiya yerinə yollanan bir həkim və iki tibb bacısı vertolyotun mücahidlər tərəfindən partladılması nəticəsində həyatlarını itiriblər.

3962_original.jpg (69 KB)

Əfqanıstana xidmətə gedən bəzi qadınlar elə bu ölkədə də ailə həyatı qurublar. Amma bu nikahların hamısı xoş sonluqla bitməyib. Cəlalabadda tibb bacısı işləyən qadın polkovnik rütbəli alay komandiri ilə ailə həyatı qurub. Nikah münasibəti ilə kiçik bir məclis də qurulub. Məclis sona çatdıqdan sonra cütlük yataqxanaya zirehli texnika ilə getmək məcburiyyətində qalıb. Yolda onlar əfqan mücahidlərinin mühasirəsinə düşüb və amansızcasına qətlə yetiriliblər.

10 illik Əfqanıstan müharibəsi bu cür hadisələrlə “zəngin”dir. Əfqanıstan heç kimə xoşbəxtlik gətirməyib, nə bu ölkəni poliqona çevirən tərəflərə, nə də əfqanların özünə. Təəsüf ki, Əfqanıstanın ölüm qoxulu günləri bu gün də davam edir, aclıq təhlükəsi, günahsız insanların ölümü, tərəflərin ehtiraslı hərbi və siyasi maraqları bu gün də Əfqanıstanda müşahidə olunmaqdadır…

İlham Cəmiloğlu