Azərbaycanda hansı banklar güvənlidir… – Deputat problem yaşadığı bankın adını çəkdibackend

Azərbaycanda hansı banklar güvənlidir… – Deputat problem yaşadığı bankın adını çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın vaxtaşırı müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlaması insanların Azərbaycandakı banklarla bağlı fikrinin hansı yerdə olduğunu göstərir. Bu, həm də bank sektorunda özbaşınalığın qarşısının alınması üçün nəticəli bir metoddur.

2024-cü ilin fevral ayı üzrə açıqalama isə xüsusilə maraq doğurur. Fevral ayı üçün yuxarı şikayət indeksi siyahısında (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) “Bank of Baku”, “Bank VTB (Azərbaycan)”, “Accessbank” və “Bank Avrasiya” yer alıb.

Orta şikayət indeksində isə “Yapı Kredi Bank Azərbaycan”,, “Azərbaycan Sənaye Bankı”, “Expressbank”, “Unibank”, “Yelo Bank”, “Rabitəbank”, “Bank Respublika” və “Azər-Türk Bank” yer tutublar.

Aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) isə “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Xalq Bank”, “PAŞA Bank”və “Ziraat Bank Azərbaycan” yer tutublar.

Modern.az müxtəlif sahədə çalışanlar arasında onların ən güvəndikləri, eyni zamanda problem yaşadıqları bankları öyrənmək üçün sorğu keçirib.

PROBLEMLİ BANKLAR LƏĞV OLUNUR

Saytımızın sorğusuna cavabında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bunları deyib:
“Son illər ölkənin bank sistemi xeyli təkmilləşdirilib.Yaxşı haldır ki, müəyyən problemlər yaşayan bəzi banklar artıq ləğv olunub, sıradan çıxıb. Hazırda vətəndaşların tələbatının ödənilməsi, onlara lazımı xidmət göstərilməsində “Mərkəzi Bank”ın, “Kapital Bank”ın və “Beynəlxalq Bank”ın fəaliyyəti önəmlidir. Bu banklardan insanlar razıdır. Bank sektorunda xidmətlərin normal təşkil olunması, vətəndaşların rahatlığı baxımından çox vacibdir. Bilavasitə bank sistemi əlçatan və mükəmməl olmalıdır”.
Deputat heç bir bankla problem yaşamadığını vurğulayıb:
“Bu sistemlə demək olar ki, əlaqələrim çox da geniş olmayıb. Çünki müəyyən sahə insanları var ki bank sistemi ilə daha çox əlaqəlidirlər. Müəyyən problemləri də onlar yaşayırlar. Mən banklarımızın əksəriyyətinin fəaliyyətindən razıyam. Hesab edirəm ki, bank sisteminin daha da təkmilləşdirilməsi, xidmətin yaxşılaşdırılması istiqamətində bundan sonra da əlavə tədbirlər həyata keçiriləcək”.
Həkim, cərrah Adil Qeybulla isə bildirib ki, banklarla xüsusi əlaqələri olmayıb. “Beynəlxalq bank” və “Kapital bank”ın xidmətlərindən yararlanıram. Yaşadığım özəl problem olmayıb”.
Politoloq Elxan Şahinoğlunun bank sektoru ilə bağlı fikirləri qısa oldu: “Mən xüsusi olaraq bir banka üstünlük vermirəm. Banklarla bağlı müəyyən problemlər yaşasam da, bunlar qarşılıqlı şəkildə həll edilib”.

DEPUTAT “ACCESS BANK”LA PROBLEM YAŞAYIB

Milli Məclisin deputatı Vüqar İskəndərov son günlər güvənini qazanan banklardan bəhs edib: ” Bank sektorunda olan yeni yanaşmalar hər birimizə müsbət təsir edir. Banklara olan inamın artırılması məqsədilə dövlət, əsasən də Mərkəzi Bank tərəfindən çox ciddi addımlar atılır. Zaman ötdükcə daha da təkmilləşmə prosesi gedəcək. Son zamanlar güvəndiyim banklar içərisində “Kapital Bank”, “Paşa Bank” və “Beynəlxalq Bank” var. Bunlar daha güvəncli, dayanıqlıdırlar. Maliyyə portfeli və əmanətlərin sığortalanması sahəsində də adını çəkdiyim banklar qabaqcıl addımlar atıblar”.

 

Deputat “Acces Bank”la problem yaşadığını bildirib:

 

“Təbii ki, hər bir məsələmiz qanuni yolla öz həllini tapıb. Banklarla vətəndaşlar arasında münasibətlərdə müəyyən problemlər, düşünürəm ki, dünyanın hər yerində mövcuddur. Lakin Azərbaycan hüquqi dövlət olduğundan bütün məsələlər qanunla həllini tapmalıdır. Zaman ötdükcə hər sahədə inkişaf gedir. İslahatlar davamlı olaraq, yenilənir. O cümlədən bank sektorunda da yeniliklər davamlı və dayanıqlı olmalıdır. İnsanların bu sektora inamı zaman-zaman artmalıdır. İnamın artması həm dövlətin iqtisadi dayanıqlılığının təmin edilməsində, həm də insanların iqtisadi, maliyyə imkanlarının artırılması məsələlərində çox vacib rol oynayır. Bu da ölkəmizin hərtərəfli inkişafı üçün vacib məsələdir”.

Politoloq Turab Rzayev bu bankların fəaliyyətindən razılığını dilə gətirib:

 

“Əməliyyatlarında “Unibank” nisbətən daha dəqiqdir. İstifadədən asılı olaraq bəzi müştəri bankları-“Rabitə Bank”, “Bank Of Baku”, yaxud “Unibank”ın başqa bir layihəsi “Leobank” daha sərfəli ola bilir”.

 

T.Rzayev “Kapital Bank”la problem yaşadığını dilə gətirib:

 

” Çünki “Kapital Bank” xüsusən də xaricdən gələn vəsaitləri yaxşı dəyərləndirə bilmir. Mənə xaricdən vəsait gəlmişdi, xəbər vermədən geri qaytardılar. Biz də vəsait gözləyirdik. Daha sonra dəfələrlə müraciət etdik. Bu, “Kapital Bank”ın daha çox biznes mərkəzli olması ilə əlaqədardır. Bank pərakəndə yönümlü deyil. Pərakəndə yönümlü bazara girdiyi üçün də güman ki, digər banklarla rəqabəti çatdıra bilmir. Orada müştəri narahatçılığı kifayət qədər çox yaranır. Təsəvvür edin ki, xaricdən gələn vəsaiti mənə bəlli etməyiblər. Ən azından mənə məlumat verməliydilər”.

 

Xalq artisti Mənsum İbrahimov isə “Kapital Bank” və “Beynəlxalq Bank”dan razı olduğunu söyləyib:

 

“İndiyə qədər heç bir bankla problem yaşamamışam. Çünki kredit filan götürməmişəm. Sadəcə maaş kartlarım var. Onlardan biri “Kapital Bank”ın, digəri “Beynəlxalq Bank”ındır. Hər iki bankdan da razıyam”.

 

Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin müəllimi Vüsal Ramizov isə bildirir ki, maaş kartı Kapital Bankındır. “Bir dəfə problem yaşamışam. Kredit götürmədiyim halda kredit çıxıblar. Sonradan heç bir problemi də həll etməyiblər. Bir də Acces Bankla əməkdaşlıq etmişəm. Bu bankla heç bir problemim olmayıb”.