Telekanallardan hamı şikayətlənir, amma…backend

Telekanallardan hamı şikayətlənir, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Suri insanların mənəviyyatını korlayan verilişlər və aparıcılarla bağlı ittihamlar səsləndirib. Onun sözlərinə həmkarları Günay İbrahimli, Elvin Abdullayev, Səidə Sultan qoşulub. Tanınmışlar televiziyanın acınacaqlı vəziyyətdə olması ilə bağlı MTRŞ-yə müraciət edib. Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, radio və televiziyalar qurumun diqqətindədir:
“Şou nümayəndəsidir, şərh verib, yaxşı edib. Biz dövlət qurumuyuq, ona nə şərh verək? Onsuz da davamlı monitorinqlər aparırıq. Nura Suri və ya hansısa müğənni desə də, deməsə də, radio və televiziyalar diqqətimizdədir. Qanun çərçivəsində bütün xoş olmayan məsələlərin qarşısını alırıq. Məsələlərə şəxsi aspektdən deyil, qanun çərçivəsində yanaşırıq”.
TV-lər maarifləndirici deyil, mənəviyyatı korlayan, arzuolunmaz şəxsləri efirlərə daşımaqla məşğuldurlar. İllərdir hər kəs bu problemdən danışır, tənqidlər səslənir. Lakin müsbətə doğru heç bir addımın şahidi olmuruq. Maraqlıdır, niyə?

“Yeni Müsavat” mövzu ilə bağlı media eksperti Qulu Məhərrəmlinin fikirlərini öyrənib. O bildirib ki, televiziyalarla bağlı ciddi addımlar atılmalıdır:
“Vəziyyət o yerə gəlib ki, artıq verilişlərdə başda oturan müğənnilər də dilə gəlib. Əslində haqlıdırlar. Hazırda televiziyanın durumu  acınacaqlı haldadır. Bunu isə yalnız bir qrup şəxsin etiraz etməsi düzəltməz. Çünki zaman-zaman bu cür etirazlar olsa da, sonradan unudulub gedib. Ciddi addımlar atmaq lazımdır. Hər mövzu ilə bağlı sənət adamlarını efirə çıxarmaq olmaz. Əxlaq normalarını pozan aparıcılar və məşhurlar efirdən uzaqlaşdırılmalıdır. Əvvəllər ən alt səviyyədə olan və ciddi  qəbul edilməyən insanlar indi efirlərdə başda oturub. Bu isə faciəyə aparır. Artıq MTRŞ və bir çox qurumlar bir araya gəlməli, televiziyanı əvvəlki vəziyyətinə qaytarmalıdır. Yoxsa televiziyamızın gələcəyi yoxdur, uçurumdur”.

Aparıcı Kamran Həsənli də müğənnilərin ittihamlarına qoşulub:
“Bu barədə ürəyim doludur. Televiziyanı peşəkar, işini bilən insanlar idarə etməlidir. Televiziyanın idarəçilərinin, departamentlərin başında olanların bu sahədə uğuru olmalıdır. Televiziyanın daxilində rüşvət yığışdırılmalıdır. Harada rüşvət varsa, o sahə ölümə məhkumdur. Kiminsə adamı, qohumu, sevgilisi aparıcı olanda vəziyyət bu yerə gəlir. Televiziya aparıcısının  birinci meyarı intellektdir. Sonra onun yumoru, musiqi duyumu, rəqs qabiliyyəti gəlir. Təbii ki, söhbət şoulardan gedir. Hər aparıcı intellektual olmalıdır. İki kitabı oxumayanlar bu gün efirdə at oynadır. Çünki onların tapşırığı, telekanala ödədikləri maliyyə var.
Mən virtual telekanal rəhbəri olsam, 2-3 aya hər şeyi düzəldərəm. Türkiyə, Rusiya telekanalları səviyyəsində telekanal yaradaram. Televiziyalarımız ölkəmizin inkişaf səviyyəsindən qat-qat zəifdir”.