Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycan və Ermənistan arasında dünən imzalanan sərhəddə dair prtokolla bağlı açıqlama verib. Tribunainfo.az xəbər verir ki, o, bu hadisəni böyük uğur adlandırıb.
Paşinyan bildirib ki, Baqanis Ayrım, Aşağı və Yuxarı Əskipara, habelə Kirants, Xeyrimli kəndlərinin Azərbaycana verilməsi qətiləşib. “Qızıl Hacılı kəndindən keçən sərhəd xətləri isə dünən müəyyən edilib və protokol imzalanıb. Baş verənləri böyük uğur hesab edirəm”.
Paşinyan hesab edir ki, Ermənistanın suverenliyi və müstəqilliyi üçün möhkəm təməl daşı qoyulub. “Müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, respublikamızın rəsmi delimitasiya olunmuş sərhədi var ki, bu da təkcə qeyd olunan kəndlərin ərazisində deyil, həm də Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”.
Ermənistanın baş naziri iddia edib ki, demarkasiya 1976-cı ildə aparılıb. “Sərhədlərin demarkasiyası 1976-cı ildə aparılıb və 1979-cu il xəritələrində qeyd olunub. Bizim üçün prinsipial olan demarkasiyası prosesində Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaratmaq deyildi. Məqsəd Almatı bəyannaməsi ilə əvvəllər müəyyən edilmiş prosesi təkrarlamaq idi”.