Razılıq verilsə də, “exchange”lərin açılması yubanırbackend

Razılıq verilsə də, “exchange”lərin açılması yubanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Valyuta tənzimi haqqında” Qanuna müvafiq dəyişikliklər edilməsinə baxmayaraq, hələ də valyutadəyişmə məntəqələri bərpa olunmayıb

2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində qlobal bazarda neftin ucuzlaşması ilə paralel olaraq Azərbaycanda yaşanan iqtisadi proseslərin nəticələrindən biri də valyutadəyişmə məntəqələrinin (VDM) ləğvi oldu. Artıq 3 ilə yaxındır ki, ölkədə VDM-lər fəaliyyət göstərmir.

Dəfələrlə Milli Məclisdə müzakirələrin aparılmasına və “Valyuta tənzimi haqqında” Qanuna müvafiq dəyişikliklər edilməsinə baxmayaraq, hələ də bu qurumların fəaliyyəti bərpa olunmayıb. Halbuki ölkəmizdə turizmin inkişafı ilə əlaqədar olaraq hər il minlərlə xarici paytaxta, eləcə də müxtəlif bölgələrimizə üz tutur. Banklar və bank filialları istisna olmaqla valyuta mübadiləsi həyata keçirən  digər qurumlar olmadığından ciddi problemlə üzləşirlər. Bəs görəsən, niyə hələ də Bakıda, eləcə də bölgələrdə valyutadəyişmə məntəqəsi yoxdur? Bu sualı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat  Rüfət Quliyev də səsləndirib.

Fed.az-ın xəbərinə görə, problemi gündəmə gətirən deputat bildirib ki, bu gün Azərbaycanda bir  valyutadəyişmə məntəqəsi belə yoxdur: “Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur. Axı niyə ölkədə bir dənə də olsun VDM yoxdur?”

Bankların şənbə və bazar günləri işləmədiyini xatırladan deputat xarici vətəndaşların bu səbəbdən problem yaşadığını diqqətə çatdırıb: “Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, valyutadəyişmə məntəqəsinin harada olduğunu soruşurlar. Onlar əllərində olan pulu xırdalamaqda əziyyət çəkirlər”.

Azərbaycanda indiyədək  “Exchange”lərin hansı səbəblərdən açılmamasına isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) aydınlıq gətirib. Palatadan verilən məlumata görə, gecikmənin səbəbi bu məntəqələrin fəaliyyətini tənzimləyən hüquqi aktların bir hissəsinin qüvvəyə minməməsidir. Bu sənədlər qüvvəyə mindikdən sonra belə məntəqələrin açılması üçün müraciətlərin qəbulu və onlara lisenziyaların verilməsinə başlanacaq.

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert  Samir Əliyev də “Exchange”lərin fəaliyyətə başlamasını tezləşdirməyin zəruri olduğunu vurğuladı: “Bildiyiniz kimi, ”Valyuta tənzimi haqqında” Qanuna dəyişikliklər edildi. Bu dəyişikliklərə əsasən, VDM-lərin fəaliyyəti ilə bağlı əlavə normativ aktlar qəbul edilməli idi. Qanunda bu nəzərdə tutulmuşdu. Artıq əsas normativ aktlar qəbul edilib. 2017-ci il dekabrın 1-də valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın alınması üçün ərizə forması təsdiq olundu. Həmin tarixdə bu fəaliyyət növü üçün lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi  əməliyyatlarının aparılması  qaydası təsdiqləndi. Yəqin ki, digər bəzi normativ aktlar qalır. Onların qəbulu da ləngidilməməlidir. Çünki Azərbaycan turizmi inkişaf etdirmək istəyir. Ölkəyə gələn turistlər üçün zəruri infrastrukturun yaradılması çox vacibdir. Bu infrastrukturun biri də valyutadəyişmə məntəqələridir”.

Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı onu da qeyd etdi ki, hava limanında valyuta dəyişmək turist üçün sərfəli deyil, bu baxımdan şəhərdə VDM-lərin olması vacibdir: “Dünyanın istənilən ölkəsində aeroportdakı məzənnə şəhərdəki məzənnədən kəskin fərqlənir. Aeroportda yerli valyuta daha baha satılır. Bu isə turist üçün çox əlverişsiz məzənnə sayılır. Aeroportda olan VDM-də  xarici valyutanın alınması daha ucuz qiymətə həyata keçirilir. Bu baxımdan turistlər bir qayda olaraq, kiçik bir məbləğdə vəsaiti aeroportda dəyişirlər, qalanını isə şəhərdə dəyişməyə üstünlük verirlər. Öncəki illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı son iki ildə artıb. Bu baxımdan valyutadəyişmə ilə bağlı problemlər var. Müəyyən banklar var ki, onların növbətçi filialları işləyir. Lakin bu, problemi tam həll etmir”.

İqtisadçının sözlərinə görə, məsələnin daha qabarıq şəkildə ortaya çıxmasının səbəblərindən biri də ölkəmizdə nağdsız ödəniş imkanlarının yetərincə olmamasıdır: “Avropa ölkələri, Türkiyə və Gürcüstanla müqayisədə Azərbaycanda nağdsız ödənişin tətbiqi də yetərincə inkişaf etməyib. Mağazaların heç də hamısında nağdsız ödəniş  imkanları yoxdur. Bu baxımdan turistin əlində nağd vəsaitin olması çox vacibdir. Bu isə VDM-lərin fəaliyyəti baxımından vacibdir. Nəzərə alaq ki, Azərbaycanda banlar saat 18:00-a kimi işləyir, o cümlədən şənbə və bazar günləri işləmir. Bu baxımdan həmin ərəfədə insanların valyuta dəyişmək imkanı olmur. ”Exchange”lər bir qayda olaraq həftənin 7 günü işləyirdi və səhər erkən saatlardan başlayaraq gecə saat 24:00-a  kimi açıq olurdu.  Bu baxımdan  “Exchange”lərdə əlçatanlıq daha yüksək səviyyədə idi. Onların fəaliyyət göstərməməsi insanlara narahatlıq yaratmaqla yanaşı,  həm də turizmin inkişafının qarşısında duran əngəllərdən biridir. Ola bilsin ki, şəhərin mərkəzində bu problem müəyyən  qədər həll olunub, ancaq  bir qədər kənarda, xüsusən də rayonlarda daha ciddi formada qalmaqdadır. Nəzərə almalıyıq ki, turistlər təkcə Bakıya gəlmir, o cümlədən rayonlara da səfər edirlər. Bu  zaman onların valyuta dəyişmək imkanı çox məhdud olur.  Bu problemin həlli üçün təcili olaraq “Exchange”lərin fəaliyyətinə icazə verilməlidir, müvafiq normativ aktlar qəbul  edilməlidir. Bu, həm də əlavə iş yerlərinin  yaradılması baxımından önəmlidir”.

Nərgiz LİFTİYEVA,