“Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.
TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.
Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər.
Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik. İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”.