Müstəqil Azərbaycanın inkişaf strategiyasıbackend

Müstəqil Azərbaycanın inkişaf strategiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır.Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.

Son on ildə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olunmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemi formalaşdırılmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyəti təmin edilmişdir. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Artıq keçid dövrünü geridə qoyan respublikamızın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Bu gün əldə olunan möhtəşəm iqtisadi nailiyyətlər göz önündədir: iqtisadi sahədə keçid dövrü geridə qalıb; Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür; ölkə iqtisadiyyatı 3,4 dəfə, dövlət büdcəsi 20 dəfə, strateji valyuta ehtiyatları 30 dəfə, maaşlar 6 dəfə, pensiyalar 10 dəfə, müdafiə xərcləri 20 dəfə artıb; 150 milyard dollar investisiya qoyulub; işsizlik 4,8 faizə düşüb, yoxsulluq 10 dəfə azalıb; adambaşına düşən ÜDM-in həcmi 8000 dollara yaxınlaşır.

Azərbaycan eyni zamanda,dünyanın ən islahatçı on ölkəsindən biridir. Dünya Bankı Qrupunun Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.Müstəqil araşdırmanın aparılma səbəbi isə 27 avqust 2020-ci il tarixində bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın

daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanması və bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsidir.

Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi.

İbadova Günay

Nəsimi rayon gənci