Məktəblilərin belini əyən yük…backend

Məktəblilərin belini əyən yük…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Övladını məktəbə göndərən valideynləri narahat edən, amma tənqid və etirazlara baxmayaraq illərdir həllini tapmayan ciddi problemlərdən biri də məktəbli çantalarının ağırlığıdır. Bu dauşaqların onurğasında kifoz və skaliozun əmələ gəlməsinə səbəb olur. Səhiyyə Nazirliyinin məlumatına görə, son 10 ildə xüsusilə 7-15 yaşlı uşaqlar arasında onurğa əyrilikləri 3 dəfə artıb. İndi az qala hər 10 uşaqdan 1-də skalioz, yaxud kifoz müşahidə edilir.

Virtualaz.org-un əməkdaşları məktəblərin qarşısında çantaların ağırlığını tərəzi ilə yoxlayıblar. Və bəlli olub ki, 8 yaşlı məktəbli elə 8 kilo çəkisi olan çanta daşıyır

Birincilərin çantası 4,6 kiloqram …

Məlum olub ki, birincilərin çantasının ümumi çəkisi 4 dərslik, 2 iş dəftəri, hər fənn üzrə dəftər, karandaş dəsti, termos olmaqla 4,6-5 kilodur. İkincilərin çantasında 5 dərslik, iş dəftərləri, karandaş dəsti, dəftərlər, su qabı olmaqla 6 kilodur. 7-ci siniflərin çantası 6 dərslik, Dövlət İmtahan Mərkəzinin hər fənn üzrə test kitabları ilə birgə 8, 9-cu siniflərin çantası 7 dərslik, fənn üzrə test kitabları, riyaziyyatdan və ingilis dilindən əlavə vəsaitlər, fənn üzrə dəftərlər, su qabı olmaqla 9 kq olub.

Məktəblərdə Azərbaycan bölməsində 1-ci sinifdə 9, rus bölməsində isə 10 fənn keçirilir, dərsliklərin ümumi çəkisi 1,34-1.47 kq arasında dəyişir. 2-ci sinifdə 9 fənn üzrə 8 dərslikdən istifadə edilir, dərsliklərin ümumi çəkisi 2,1 kq, 4-cülər 9 fənn üzrə dərsliklərin ümumi çəkisi isə 2,45 kiloqramdan yuxarıdır. İbtidai siniflərdə əlavə iş dəftərləri tələb olunur, ayrıca şagirdin məktəbdə qidalanması üçün çantaya yemək və su da qoyulur. Yuxarı siniflərdə isə iş dəftərlərindən deyil, DİM-in testlərindən istifadə olunur. Bəzi məktəblərdə bir neçə fəndən əlavə vəsaitlər istənilir, məsələn, riyaziyyatdan dərsliklə yanaşı test və Namazovun müəllifi olduğu əlavə vəsait, yaxud ingilis dili fənnində test və oxu üçün əlavə vəsait də tələb olunur. Üstəlik çantanın öz ağırlığı da var ki, bu da təxminən 1-3,5 kq arasında dəyişir.

Əlavə vəsaitlərin alınması vacib deyil?

Təhsil Nazirliyindən hesab edirlər ki, dərsliklərin çəkisi ağır deyil, hətta normadan da aşağıdır. Məsələn, ibtidai siniflərdə 1 dərsliyin orta çəkisi 25-27 qram arasında dəyişir. Amma iş dəftərləri dərslik komplektinin tərkib hissəsi deyil. Test kitabları, yaxud digər əlavə vəsaitlərin alınması isə məcburi ola bilməz. Halbuki məktəblərdə şagirdlər bu vəsaitləri almağa məcbur edilirlər, yaxud müəllim valideyni test, əlavə vəsaitlərin tədrisin daha dolğun və səlis mənimsənilməsi üçün vacib olduğuna inandırır. “Çantanı ağır edən qida və su qabları, ağır və yüngül penallardır”, – nazirliyin çatnaların ağırlığı ilə bağlı araşdırmasının nəticəsi belədir.

Valideynlər isə…

Valideyn Nazilə Xəlilova deyir ki, övladı 6-cı sinifdə oxuyur, 6 ildir onunla birgə məktəbə gəlir, çünki uşaq çantanı daşıya bilmir. Digər valideyn isə deyir ki, bu il təkərli çanta alaraq yükün azalacağını düşünüb, amma doğru seçim etməyib. Çünki məktəb binasında çantanı sürüyərək aparılmasına icazə verilmir, hələ üstəlik pilləkənlər də var, uşaq əziyyət çəkir. “Təkərli çantaların özü ağırdır, 3 kilodur. Kitablar, penal, termos daha da ağırlaşdırır”, -valideyn təəssüflə əlavə edir.

Amerika Pediatriya Akademiyasının tövsiyələrinə görə, məktəb çantasının çəkisi uşağın bədən çəkisinin onda birini təşkil etməli, boş çantanın çəkisi 1 kq-dan yuxarı olmamalıdır. Məsələn, uşağın çəkisi 22 kilodursa, çantanın çəkisi 2,2, 25 kilodursa 2,5 kq təşkil etməlidir. Əlavə 1 kq belə uşaq üçün artıq yükə çevrilir. 1-ci sinifdə təhsil alanlar 1,2, 2-ci sinifdə 1,6, 3-cü sinifdə 2,3, 4-cü sinifdə oxuyanlar isə 2,6 kq ağırlığında çanta daşıya bilərlər.

Ekspertlər məsləhət görürlər…

Pediatr Vaqif Qarayev deyir ki, son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları, skolioz, kifoz, lordozla bağlı müraciətlər artıb. Səbəb isə ibtidai sinif şagirdlərinə optimal ağırlıqda məktəbli çantaları seçilməməsidir. Dərsliklər ağırdır, üstəlik valideynlər də görünüşü gözəl, özü ağır olan çantalara üstünlük verirlər. “Çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil, çünki ağırlıq bir tərəfə düşür”, -Qarayev əlavə edib. Onun sözlərinə görə, çanta seçilərkən materialına diqqət yetirmək lazımdır. Çanta yüngül və yumşaq parçadan tikilməlidir.

Həkim Zaur Məmmədov isə həm də bir valideyn kimi çantaların ağırlığından şikayətçidir. Onun sözlərinə görə, övladının daşıdığı kitabları, əlavə vəsaitləri, eyni zamanda termos və məktəbə qoyulan yiyəcəklərin ağırlığını ayrı-ayrılıqda ölçüb. Bəlli olub ki, 5 kitabın ağırlığı 2 kilo 400 qramdır. Dəftərlər, karandaş, iş dəftərləri 2 kilo 200 qram tutub, su yarım litr, qabın içərisinə yerləşdirilmiş yemək 380 qram olub.

“Təəssüf ki, valideyn uşaqdakı problemi çox vaxt 12 yaşdan sonra hiss edir. Halbuki 6-7 yaşdan uşağın onurğasına nəzarət etməli, düzgün qamətin formalaşması üçün oturmasına, yeriməsinə, çantanı daşımasına fikir verməlidirlər. Xüsusilə rayonlardan gətirilən uşaqların yaşı 14-dən yuxarı olur”, -həkim söyləyib. Onun sözlərinə görə, onurğa problemləri yalnız əyriliklə bağlı deyil, təəssüf ki, indi yeniyetmələrdə fəqərələrarası disklərin yırtığına da rast gəlinir.

Təhsil Nazirliyindən bildirirlər ki, ibtidai siniflərdə dərs yükünün azaldılması planlaşdırılır. Bununla bağlı nazir Ceyhun Bayramov da çıxışlarında məlumat verib. Məktəblərə əlavə dərs vəsaitlərinin məcburi alınmaması üçün şifahi göstərişlər də verilib. Ayrıca valideynlərə də tövsiyə edilir ki, çantaları artıq əşyalarla ağırlaşdırmasınlar. Belə görünür ki, builki tədris mövsümünü də belə yola verəcəyik, problemdən çıxış yolu budursa…