backend

KOROĞLU SİRRİ : ƏFSANƏDƏN HƏQİQƏTƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci hissə 

 

birinci hissə
———————–

Koroğlu haqqında nə qədər deyilmiş, nə qədər yazılmişdir! Hələ nə qədər də deyiləcək, nə qədər də yazılacaq! Amma tədqiqatçılar inciməsinlər, Koroğlunun şəxsiyyəti məsələsinə aydınlıq gətirilməyincə bu tədqiqatların elə bir dəyəri olmayacaq. Çünki bu əfsanəvi qəhrəman haqqındakı hər hansı bir yazını oxuyarkən beyinlərə hər şeydən əvvəl bir sual hakim kəsilir: axi o kim olmuşdur? Şəxsən mən bir oxucu kimi indiyəcən oxuduqlarim içində bu suala cavab tapa bilməmişəm. Təxminlər, gümanlar, fərziyyələr baş alıb gedir, gözəl yazı texnikası, həqiqətdən uzaq fantaziyalar oxucunu doyurmur. Adam nagıl ilə həqiqət arasinda qalır, bilmirsən nagıldır yoxsa həqiqət. Axı bir-iki əfsanəni cıxmaq şərtilə dastan, demək olar ki, tamamilə real hadisələr təsiri bağışlayır, sadəcə, bədii təxəyyül güclüdür, aşıq yaradıcılığı yüksək səviyyədədir, elə isə qəhrəman niyə xəyali olmalıdır? İş o dərəcəyə catıb ki, onu kosmosdan gəlmiş yarı insan,yarı mifik bir varlıq kimi xəyal edənlər belə tapılmaqdadır.

Mənim fikrim belədir: Koroglu tamamilə real şəxsiyyətdir. Bu yazıda düşüncələrimi əziz oxucularımla bölüşüb bunu isbatlamaga calışacagam. Bu tamamilə yeni fikir olduğu üçün yazını oxuyub qurtardıqdan sonra, əminəm ki, bir coxları təəccüb içində qalacaq. Əlbəttə, inanılmaz bir şeyin həqiqət kimi qəbul edilib-edilməməsi zamanın işidir, amma fakt faktlığında qalır və onun zamanın mühakiməsinə ehtiyacı yoxdur.

Bu yazını yazaraq Koroğlu tədqiqatçıları cərgəsinə qoşulmaqda bir tək məqsədim vardır:şirin canını ömrü boyunca təhlükələrə ataraq qolu gücünə ölməzlik qazanan qəhrəmanın haqqını ,nəhayət, özünə qaytarmaq. Bunun üçün oxucularımdan kicicik bir zəhmət umuram: yazının sonuna qədər səbrlərini basıb mənimlə birlikdə qoç Koroğlunun axtarışına çıxmaq, vəssalam.

Sevdiyimiz hikmətli bir ifadə vardır: şirin yalandansa acı həqiqət yaxşıdır. Aristotelə demişlər, Platon sənin sevimli müəllimindir, niyə onun dediklərinə qarşı çıxırsan? Demiş ki, Platon mənə əzizdir, amma həqiqət ondan da əzizdir.Demişlər bəs həqiqət nədir? Demiş ki, həqiqət mənim dediklərimdir.

Beləliklə, şirin yalandansa acı həqiqət arxasınca… Yolçu yolda gərək.

Türk xalqlarının böyük əksəriyyətinin şifahi ənənəsində mövcud olan Koroğlu… Dunaydan Balkanlara, Sibirdən Suriyaya qədər cox geniş bir ərazidə yayılmış qeyri-adi bir qəhrəmanlıq dastanı… Tədqiqatlardan məlum olan budur ki, güya zülm altında inləyən xalqlar zalımlara qarşı mübarizə aparan elə bir yenilməz qəhrəman barədə xəyallar qurmuşlar ki, sonunda aşıqlar bu xəyallardan belə bir möhtəşəm dastan düzüb qoşmuşlar. Elə isə Orta Asiyanin ucqarlarından Azərbaycana, Türkiyəyə qədər böyuk bir əraziyə səpələnmış Koroğlu qalaları haradan çıxmışdir? Real qalalarda xəyali qəhrəman?! Yoxsa kim harada Koroğluya layiq əzəmətli bir qala görmüşsə ora öz sevimli qəhrəmanını “yerləşdirmiş” və xalq da bunu qəbul etmişdir? Xalqın yaddaşı möhkəm olduğu qədər də saf olur: yalanı sevməz, qondarma əhvalatı real adı ilə ələkdən keçirməz. Qaçaq Nəbinin adına Əlincə qalasını cıxa bilərikmi? Və ya Babəkin iqamətgahı Şirvanşahlar sarayı idi , desək kim inanar? O, xalqın yaddaşında Bəzz qalasının sahibi kimi qalmışdır, Şirvanşahlar sarayının isə öz sahibləri olmuşdur.

Dogrudan da niyə Koroğlu qalaları bu qədər coxdur və belə böyük bir əraziyə səpələnmişdir? Koroğlunun reallığı şübhəsinə yol açan bu tapmaca nədir? Hər bir türk xalqı qətiyyətlə onu özününkü hesab edir,amma hamı kimi bircə ömür yaşamış bir adam görəsən hansı sirrlə onlarla xalqın övladı ola bilmişdir?

Qəribədir, biz niyə belə hesab edirik ki, o,gənclik illərindən qocalana qədər, yəni demək haradasa otuz-qırx il müddətində ancaq bir qalada yaşamalı idi? Dəlilər əkinçiliklə, maldarlıqla məşğul deyildilər, dərslərini verdikləri zülmkarların malından başqa heç kimsənin var-yoxunu əlindən almırdilar, karvan basmırdılar, elə isə yemək-içməklərini haradan tapırdılar? Bir deyildilər, beş deyildilər, 7777 igid on illər boyunca nə ilə dolanırmışlar? Əgər zalım bəyləri, xanları öldürdükdən sonra onların yerinə öz adamlarını təyin etsəydilər, deyərdik o mahaldan, o vilayətdən gələn vergilərlə qarınlarını doyururlar, amma Koroğlu zülmkarlarla haqq-hesab çəkdikdən sonra dəliləri ilə birlikdə Çənlibelə qayıdar, yeyib-içib xoş keçərdilər, vəssalam.Yəni onun dövlət qurmaq fikri yox idi. Hətta uzaq səfərlərə getdikdə belə oralarda heç bir adamını təyin etmədən sonunda yenə Cənlibelə dönürdü, çünki onun heç bir dövlətçilik ideyası yox idi, Elə isə onun və igidlərinin bir nömrəli problemi yemək problemi olmalı idi, bu problemi çözmədən eyni qalada on illərlə qalmaq çətin olardı. Ona görə də sual olunur: uzaq səfərlərə gedərkən yenidən Çənlıbelə dönməyin mənası vardımı? Oralarda heç mi qala yox idi? Axı vaxtaşırı yeni-yeni qalalara keçməklə o həm yeni zalımlar “ovuna” çıxmış olacaq, həm də onların xəzinəsini ələ keçirməklə igidlərin yemək problemini həll edəcəkdi. Qəhrəmanların da qarnı olur. Bir də, məqsədi yalnız zalımların dərsini vermək olan Koroğlu anlamaya bilməzdi ki, bir qalanın yan-yörəsindəki bəyləri, xanları yerlərində oturtduqdan sonra onlar onun qorxusundan bir daha baş qaldıra bilməzdilər, elə isə nədən eyni qalada yaşamağa davam etməli idilər?

Əlbəttə, Koroğlunu xəyali bir obraz kimi qəbul etsək onda onun da, igidlərinin də yemək problemini nəzərə almamaq olar, deyərik önəmli olan onun mübarizəsidir, xəyallarda Qıratın çiyinlərində bir cüt qanad da ola bilər, sonradan yox olsa belə. Amma əgər biz onun bir real şəxsiyyət kimi izinə düşmək istəyiriksə onda etiraf etməliyik ki, dövlət qurmaq fikrindən cox-cox uzaq olan Koroğlu üçün 7777 nər igidi onilliklər boyunca eyni qalada oturmaqla doyurmaq cox müşkül məsələ olardı. Demək ən adi məntiq bunu deyir ki, sevimli qəhrəman qaladan qalaya,vilayətdən vilayətə keçməli idi,bir yerdə uzun müddətə durmaq ərzaq üzündən məhvə bərabər olardı.Yeni qalaların sahibləri , təbii ki, buna qarşı çıxacaqdilar və məğlub olacaqdılar,beləliklə də,o yeni yerlərdəki sadə xalq da əvvəlkilər kimi onu bir qisasçı kimi sevəcəkdi. İndi təsəvvür edin ki, böyuk bir atlı dəstə bu qaladan o qalaya, bu şəhərdən o səhərə tufan kimi keçib gedir, önündə heç bir düşmən ordusu dura bilmir, Koroğlu adı gələndə hamı qorxudan tük salır, amma… amma bu dəstə keçib getdiyi şəhərlərə, qalalara faktiki sahibləndiyi halda oralara heç bir canişinini təyin etmir. Niyə? Əgər Koroğlunun missiyası ədaləti bərpa etməkdən , zülmü aradan qaldırmaqdan ibarət idisə əlində cox böyük imkanlar olduğu halda özü ədalətli cəmiyyət qurmalı deyildimi? Əlbəttə, deyə bilərlər o,bir xalq üsyançısı idi,dövlət adamı deyildi.Amma məgər Babək xalq üsyançısı kimi meydana atılmamışdımı? Ərəb işğalçılarını qovduğu torpaqlqrda öz adamlarını rəhbər təyin edə-edə xürrəmılər dövlətini qurmamışdımı? Və ya Teymurləng edam olunacağını öyrənincə gecə ilə beş-on silahdaşı ilə dağlara qaçmaqla üsyana başlamamışdımı? Monqollardan addım-addım aldığı torpaqlara,qalalara öz adamlarını təyin edə-edə dövlət qurmamışdımı? Razin də xalq üsyançısı idi,amma çar ordusundan azad etdiyi torpaqlara öz atamanlarını təyin etmirdimi? Bu bütün zamanların yazılmamış qanunu idi:düşməni məğlub etdinsə xəzinəsinə də,torpaqlarına da sahib ol,əks halda savaşın anlamı olmur.Əgər Koroğlu üsyanı cox qısa müddətdə parlayıb sönən bir xalq hərəkatı olsaydı,o zaman bəlkə də dövlət qurmağa vaxtı olmamışdı,deyərdik. Amma o, gənclik illərindən qoca çağlarına qədər böyuk bir hərəkata rəhbərlik etmiş təcrübəli sərkərdə idi.Ağıllı, müdrik, tədbirli bir sərkərdə. Elə isə niyə heç bir yerdə öz canişinini təyin etməmişdi? Sadəcə istəməmişmi? Qəribədir! İcazə verin şübhələnək:burada nəsə doğru deyil.Təsəvvür edin ki, bir güləşçi hər yarışda rəqblərinin kürəyini yerə vurur,amma qələbəni dadmadan,medal almadan dərhal da qaçıb gedir. O idmançı haqda nə fikirləşərlər. Axı hətta qaydasız döyüşlərin də qaydası olur.

Onda belə çıxır ki, Koroğlunun dövlət qurmaqdan da vacib nəsə başqa məqsədi olmuşdur.Bu məqsədə çatmaq üçün də Orta Asiyadan Azərbaycana, Anadoluya qədər böyük bir ərazini keçməli imiş. Böyük bir atlı dəstəsi ilə yola çıxdığı üçün də gah bu, gah digər yerlərdə düşmən qoşunları ilə vuruşmalı imiş. Qəribədir, nə məqsədi ola bilərdi? Axtardığı bir şey vardı bəlkə?

Bu suala cavab vermək üçün öncə onun hansı yüzillikdə yaşaya bilməsi ehtimalı üzərində dayanmalıyıq.

Türkiyə türkləri də digər türk xalqları kimi Koroğlunu öz qəhrəmanları hesab edirlər və deyirlər ki, o on altıncı əsrdə Anadoluda yaşamışdır. Cəlali hərəkatının başçılarından biri olmuşdur.Amma Koroğlunu Cəlali hərəkatı ilə bağlamağın özü artıq onu Orta Asiya və Azərbaycan Koroğlusundan ayırır. Çünki bu hərəkat Osmanlının iç savaş məsələsi idi. Osmanlı-Səfəvi münasibətləri gərginləşərək 1514-cü ildə müharibəyə səbəb olmuş, Səfəvilər bu müharibədə yenildikdən sonra Anadoluda yaşayan şiələr öz sünni Osmanlı padşahlarına qarşı mübarizəyə başlamışdılar. 1519-cu ildə baş vermiş bu üsyana Cəlal adlı birisi başçılıq etmiş, lakin tezliklə sultan Yavuzun ordu birlikləri üsyanı yatırmış, Cəlalı isə öldürmüşdülər. Bundan sonra Anadolunun gah bu, gah digər tərəfində baş qaldırmış üsyanlara Cəlalın adı ilə cəlalilər hərəkatı deyilmişdir və güya Koroğlu da o üsyanlardan birisinin başında duranlardan olmuşdur. Niyə güya deyirəm? Çünki Koroğlu on altıncı əsrdə yaşamış olsaydı tüfəngi görüncə heyrət etməməli idi, çünki tüfəng də, top da ondan hələ azı 150 il əvvəllərdən Osmanlı ordusunda istifadə olunurdu. Birinci Kosovo Savaşında /1389/ və İstanbulun fəthində /1453/ Osmanlı ordusu tüfənglərdən istifadə etmişdi. Hətta bu orduda tüfəngçi birlikləri deyilən və savaşda çox önəmli rol oynayan ordu birlikləri vardı. Qanuni Sultan Süleyman zamanında, yəni cəlalilərin tüğyan etdikləri vaxtlarda tüfəng istehsalına digər silah növlərinin istehsalından daha cox agırlıq verilirdi. Tarixçi Kemal Paşazadə sultan Birinci Muradın əmrindəki Osmanlı ordusunun 1360-cı ildə Çorluya etdiyi səfərində kafir ordusuyla çarpışdığı anı belə təsvir etmişdi: ”Savaş kumaşı satıldı, topü-tüfəng çatıldı, atü-adəm bir-birinə katıldı”. Deyək ki, Koroğlunun dəstəsində tüfəng yox idi, amma o, təbəəsi olduğu dövlətin əsgərlərində tüfəng adlı silahın olduğunu necə bilməyə bilərdi? Axı o həmin o tüfəngli əsgərlərlə vuruşurdu. Tüfəng adlı bir silah görməmişdisə, belə məşhur sərkərdə onun haqqında heç olmasa eşitməliydi axı. Amma bir baxın, ilk dəfə tüfəng gördüyundə o nə hala düşür. “Kişinin çiynində yarı ağac, yarı dəmir qəribə bir şey vardı. Koroğlu nə qədər diqqət etdisə bir şey fəhm edə bilmədi. Bu nə idisə onun tanıdığı şeylərə oxşamırdı. Çomaq idi, çomaq deyildi. Əmud idi, əmud deyildi. Koroğlunu maraq çulğadı ki,yarəb, görəsən bu nə olan şeydi. Yanaşıb kişidən soruşdu:

—— Qardaş, soruşmaq ayıb olmasın, bu nədi belə çiyninə keçirmisən?

Kişi dedi tüfəngdi. Koroğlu baxdı ki, bu sözü heç indiyə kimi eşitməyib, dedi:

—— Qardaş, tüfəng nədi?

Kişi baxdı ki,bu adam tüfəngin nə olduğunu bilmir,dedi:

—— Bu da bir cür yaraqdı. Bunun bax burasında güllə olur. Burasını belə eləyəndə atılır. Güllə içindən çıxıb gedir . Özü də adama, heyvana, hər nəyə dəysə o saat öldürür.

Koroğlu soruşdu:

—— Necə yəni hər nəyə dəysə?

Kişi dedi:

—— Hər nəyə dəysə də. Adama, heyvana, quşa….

Koroğlu kişinin sözünə inanmadı.Tutdu yaxasından ki, o nədi ki adam öldürür, vur mənə görüm necə öldürür. Kişi dedi:

—— Başına dönüm, çıx yolunla get, məni qana salma.

Koroğlu dedi:

—— Olmaz ki olmaz. Ya gərək bu saat atasan baxam, ya da ki yalan deyirsən.

Kişi dedi, Koroğlu dedi, kişi gördü yox, bu əl çəkəsi deyil, dedi:

—— Qardaş, mən sənə ata bilmərəm, indi ki əl çəkmirsən, eybi yoxdu, qoy bir öküz qurban olsun sənə.

Bunu deyib kişi öküzün birisini nişan aldı. Güllə açılmaqla öküzün yıxılması bir oldu. Koroğlu yüyürdü öküzün yanına. Baxdı ki öküz əməlli-başlı ölüb…”

On altıncı əsrdə hər hansı bir kəndlinin çiynindən tüfəng aşıraraq öküzlərini otarması qəribə deyildir. Qəribə odur ki, həmin kəndli tüfəngin nə olduğunu Çənlibelin ətəyindəcə Koroğluya başa salır. Koroğluya — ömrünü qanlı-qadalı mübarizələrdə keçirmiş bir sərkərdəyə. Onun isə bu silah barədə nəinki təsəvvürü belə yoxdur, məsafədən oxsuz, nizəsiz hər hansı bir varlığın öldürülə bilməsi fikri , ümumiyyətlə, beyninə batmır. Öküzün yıxıldığını görsə də yüyürüb öldüyünü gözləri ilə görmək istəyir. Tamamilə özünü itirir, heyrətindən donub qalır, sanki qolu-qanadı qırılır, “bic əyyamı gəldi ” deyir.

On altıncı əsr Koroğlusunun tüfəng üçün bunca heyrətlənməsi ağlabatandırmı? Əsla yox.

Bir də ki, o əsr Osmanlının qüdrətli çağları idi. Sultanlar artıq xəlifə adını daşıyırdı-lar, dövlətin sərhədləri cənubda Ərəbistana, Misirə, şimalda isə Macarıstana, Avstriya sərhədlərinə qədər uzanırdı. Uzaq səfərlərdə topları ilə düşmən qalalarını yerlə yeksan edən sultanların Osmanlının içində qılıncla,oxla silahlanmış bir dəstənim sığındığı qalanı on illərlə üsyan mərkəzi kimi saxlaması heç cür inandırıcı görünmür.Ola bilsin ki,üsyan başçılarından hansisa birisi digərlərindən mərdliyi ilə daha cox fərqlənmişdir, amma dastan yaradıcılari o əsrdə qüdrətli sultanlara qarşı dayanmaq kimi ağır bir işin öhdəsindən yalnız əsl Koroğlunun gələbiləcəyini düşünərək həmin qəhrəmanı sadəcə koroğlulaşdırmışlar.

Yeri gəlmişkən, əgər Koroğlu mübarizəsi, mayasında şiə-sünni ixtilafı olan cəlali hərəkatı ilə bağlıdırsa nəyə görə bu dini ruh dastana yansımamışdır? Dastanda buna azacıq da olsa bir eyham yoxdur: Koroğlu hər bir dini münaqışədən uzaqdır. Ümumiyyətlə, Çənlibeldən azan səsi eşidilmir. Beləliklə, axtardığımız Koroğlu cəlali deyildir. O, on altıncı əsrdə yaşaya bilməzdi.

Qeyd etdiyim kimi, sultan Birinci Muradın ordusunda tüfəngçi birlikləri vardı, demək Koroğlunu on dördüncü əsrdə də axtarmaq düzgün deyildir. Əlbəttə, Azərbaycan, Orta Asiya Osmanlının tərkibində deyildi, amma o sultanla eyni dövrdə Orta Asiyada ondan da böyük Teymurləng hərb meydanına atılmışdı. Böyük monqol xaqanı Toxtamışın 250000-lik ordusunu iki dəfə məğlub edən bu hökmdarın qoşununda da topçu və tüfəngçi birlikləri var idi. Yəni qətiyyətlə demək olar ki, Koroğlunun yaşadığı ehtimal edilən bütün ərazilərdə — Orta Asiyada, Azərbaycanda, Kiçik Asiyada insanlar tüfəngin nə olduğunu ən azı 1360-cı illərdən bilirdilər.

Koroğlu tüfəngi qocaldığında görmüşdü, ona görə də belə fərz etmək olarmı ki, onun qocalığı həmin bu illərə təsadüf etmişdir?

Xeyr. Çünki dastandan anlaşılan odur ki, tüfəng bir silah növü kimi lap yenicə icad olunmuşdur. Demək, hələ hökmdarlar onun qılıncla,oxla müqayisədə nə qədər səmərəli olub-olmadığını anlamalıydılar, yəni onun icad olunması ilə orduların onunla silahlandırılması arasında, təbii ki, müəyyən qədər vaxt keçməli idi. Amma nə qədər? Otuz il? Əlli il? Yüz il?

Dastanda Koroğlu tüfəngi gördükdən sonra Nigarla xeyli müddət yol gedib catdıqları bir şəhərdə tüfəngli əsgərlərlə rastlaşırlar. Məncə burada Koroğlunun axtarışında bizə gərək olan iki mühüm hadisə bir hekayədə birləşdirilmişdir:yeni silahın icadı və onun ordularda özünə yer alması. Bununla belə hekayənin özündəcə onlar arasında xeyli müddət ayrılığı var: Koroğlu ilə Nigar xeyli müddət yol getməli olurlar. Amma nə qədər? Nağıl dili yüyürək olar, bizi həqiqətdən uzaqlaşdıra bilər. Həqiqəti tapmaq üçün isə bilməliyik görək tüfəng nə zaman icad olunub.


(ardı var)


Mirzə Hacıyev