Əməkdar artistin qardaşı: “Mədəniyyət naziri onunla maraqlanmadı, başsağlığı da vermədi”backend

Əməkdar artistin qardaşı: “Mədəniyyət naziri onunla maraqlanmadı, başsağlığı da vermədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sahibə Əhmədovanın dəfn mərasiminə heç bir sənət adamı, xanəndə gəlməmişdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Sahibə Əhmədovanın qardaşı İsmixan Əhmədov deyib.
Onun sözlərinə görə, Sahibə Əhmədova xəstə olduğu vaxtlarda sənət adamlarının heç biri ona baş çəkməyib:
“Sahibə xanımın xəstəlikləri vardı. Bağırsağında yara var idi, özü də bilmədən qəflətən kəskin ağrı verdi. Xəstəxanaya apardıq, əməliyyat olundu. Son vaxtlar çəkisi də artmışdı, həkimlər onu çətinliklə əməliyyat elədilər. Amma əməliyyatdan sonra vəziyyəti düzəlmədi, nəfəs alma prosesi çətinləşirdi. Hiss olunurdu ki, ciyərlərində problem var. Bütün əziyyətlərə baxmayaraq, onu xilas edə bilmədik”.
İsmixan Əhmədov bildirib ki, Sahibə Əhmadovanın səhhəti ilə Mədəniyyət Nazirliyi də maraqlanmayıb:
“Nə zəng edən oldu, nə də kömək edən. Elə bil belə sənət adamı yox imiş. Bu günə kimi mədəniyyət naziri, yaxud da nazirlik əməkdaşları onunla maraqlanmayıb. Heç başsağlığı da vermədilər. Sahibə xanım qapı döyən deyildi. Gözləyirdi ki, kimsə nəsə eləsin. Özü hədsiz dərəcədə passivləşdi, belə bir mövqe tutdu ki, mən oturacam evdə, məni axtarıb-tapacaqlar. Bu da olmadı. O zaman çoxdan gedib. İndi şou-biznes zamanıdır, kimlərləsə münasibət qurmalısan ki, qabağa gedəsən. Sahibə xanım belə bir sənətçi deyildi, ona görə onun ölümündən aidiyyatı qurumların xəbərləri olmadı”.
Qardaşı təəssüf hissi ilə bildirib ki, uzun illər Opera və Balet Teatrının səhnəsində “Ərəbzəngi” obrazını canlandıran Əməkdar artist Sahibə Əhmədovanın dəfni ilə bağlı heç sözü gedən teatr da başsağlığı verməyib:
“Ceyranbatan qəbiristanlığında dəfn elədik. Dəfnə ancaq qohum-əqraba gəlmişdi. Heç bir xanəndə vida mərasiminə gəlmədi. İstəsəydilər gələrdilər. Sabah Təzə Pir Məscidində yas mərasimi veriləcək, kim istəsə gələ bilər”.
Qeyd edək ki, Əməkdar artist Sahibə Əhmədova uzun sürən xəstəlikdən sonra martın 18-də dünyasını dəyişib.