“Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum” – 25 nəfərin öldüyü yanğına dair cinayət işibackend

“Əgər qaçsaydım, indi onun yerində mən oturmuşdum” – 25 nəfərin öldüyü yanğına dair cinayət işi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə iclasında yanğında dünyasını dəyişən Kərim Sərkərovun atası Əlövsət Sərkərov ifadə verib.

O, deyib ki, oğlu içki aludəçisi olub: “Arada içib sərxoş olurdu, ailəsində söz-söhbət düşürdü. Xəstəxana ilə özü gedib danışmışdı, bizə də gəlib dedi ki, müalicə olunmağa gedəcək. Hadisə günü eşitdik ki, yanğın var. Getdik, ordan məlumat ala bilmədik, sonra öyrəndik ki, morqdadı. Onu müalicəyə götürəndə bizdən heç nə tələb etmədilər”.

Məhkəmədə zərərçəkmiş Araz Məmmədov da ifadə verib. O, yanğın baş verən mərkəzdə müalicə olunub. Söyləyib ki, təqsirləndirilən şəxsin qaldığı otaqda yanğın görməyib: “Narkotikə görə 6 aylıq məcburi müalicəyə göndərilmişdim. 3 ay idi orda idim. 9-cu otaqdaydım, Mamedin otağı üzbəüz 14-cü otaq idi. Səhər saat 5-ə qalmış oyanıb Gürcüstan vətəndaşı olan bir nəfərlə söhbət edirdim. 6-ya işləmiş xəstələrdən biri otağa girib dedi ki, yanğın var. Çölə çıxıb gördük 15-ci otaqdan tüstü çıxır, qapısı da bir az açıq idi. Mühafizəçi Amid qapını açdı, Dadaşov Fəridlə çölə çıxdıq. Arxamca da Mamed çıxdı, bizə dedi sağa keçin tüstü tutmasın. Biz dönəndə daha Mamed yoxa çıxdı, hara getdiyini bilmədik. Mamedlə eyni otaqda Sabirabadlı oğlan qalırdı, o da “lomka”dan çıxmışdı. Mamed oranı yandırmaq istəsəydi, səsə oğlan oyanardı”.

Araz Məmmədov bildirib ki, şöbənin iki qapısı olub. Onlardan biri həmişə bağlı olub. O, deyib ki, Məhəmməd Məmmədovun günahı odur ki, oradan qaçıb: “Mən də qaçsaydım, indi Mamedin yerində mən oturmuşdum”.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.