Baqali Dabo: “Əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ” olacaq”backend

Baqali Dabo: “Əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ” olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” komandasının futbolçusu Baqali Dabo klubun rəsmi saytına danışıb.

TİA.AZ “Report”-a istinadən fransalı hücumçunun müsahibəsini təqdim edir:

– “Keşlə” ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?

– Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi 3 xal idi, onu da qazana bildik.

– Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusuz?

– Sözün düzü, yadımda deyil. “Keşlə” hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

– Komandaya tam uyğunlaşdığınızı demək olarmı?

– Təbii. Özümü burada əla hiss edirəm.

– Hazırda “Neftçi”nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?

– Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

– Növbəti – V turda “Zirə” ilə oyundan nə gözləyirsiniz?

– Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

– Dörd turdan sonra lider mövqeyində qərarlaşan “Neftçi” çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandamızın ən böyük rəqibləri kimlər olacaq?

– Tam razıyam ki, “Neftçi” bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz “Qarabağ” və “Qəbələ” olacaq.