Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından oğurluq edilib.
Qaynarinfo xəbər verir ki, mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrində oradan bahalı saatı oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci, yəni külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.