UKRAYNADAN ERMƏNİSTANA SİLAH DAŞINMASI ARAŞDIRILMALIDIR…backend

UKRAYNADAN ERMƏNİSTANA SİLAH DAŞINMASI ARAŞDIRILMALIDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın daha çox pilotsuz uçuş aparatlarına ehtiyacı var. Ukraynanın bu aparatları əsas tədarük etdiyi ölkə Türkiyədir. İki ölkə arasında pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı razılaşma var. Ukrayna ABŞ-dan da pilotsuz uçuş aparatları əldə edir. Ukrayna prezidenti Volodimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanın hərbi texnikası və döyüş sursatları azalır, pilotsuz uçuş aparatlarının bir hissəsi döyüşdə neytrallaşdırılır. Bunların yeri doldurulmalıdır. Digər tərəfdən Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan Ermənistana silah və ya pilotsuz uçuş aparatları göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir.

Tribunainfo.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ukraynanın Ermənistana pilotsuz uçuş aparatları göndərilməsi ilə bağlı Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, istənilən halda Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır:

“Ukraynada müharibə başlayana qədər təxminən 500 min erməni yaşayırdı. Ukraynada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korruspiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçuş aparatları göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir.

Ukraynadan pilotsuz uçuş aparatlarının Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarə reysrlərinə yüklənməlidir”.

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyevə və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir:

“Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir.

Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun “biz Polşa üzərindən Ermənistana silah göndəriririk” açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana pilotsuz uçuş aparatları göndərirlərsə, məntiqlə bunu açıqlmamalıdırlar. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya da xeyli çətinləşəcək. Yəni “biz Ermənistana pilotsuz uçuş aparatları göndəririk” açıqlamasının ermənilərə zərəri faydasından çoxdur”.

Tribunainfo.az