Tikinti obyektlərinin kanalizasiya sistemlərinə qoşulması qaydası dəyişirbackend

Tikinti obyektlərinin kanalizasiya sistemlərinə qoşulması qaydası dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikinti obyektlərinin kanalizasiya sistemlərinə qoşulması qaydası dəyişir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Su təchizatı və tullantı suları haqqında” qanun layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna görə, Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulmaq məqsədi ilə:

– qoşulacaq obyektin sahibi kanalizasiya müəssisəsindən cavab alındığı gündən və ya özünün müraciət etdiyi gündən bir ay müddətində həmin müəssisəyə obyektin qoşulması planını (layihəsini) və su təsərrüfatı pasportunu təqdim edir. Kanalizasiya müəssisəsi bir ay müddətində bu plana baxır və onu təsdiq (lazım gələrsə, dəyişikliklər etməklə) edir. Obyektin sahibi təsdiqlənmiş plana və razılaşdırılmış su təsərrüfatı pasportuna uyğun olaraq qoşulmanı yerinə yetirir;

– kanalizasiya müəssisəsi qoşmaqdan əsassız imtina edilməsinə yol verməmək üçün qoşulma haqqında müraciəti obyektiv araşdırmalıdır;

– müraciət edənin obyektini qoşmaq məqsədi ilə mövcud kanalizasiya sisteminin genişləndirilməsinin dəyəri bu obyektdən tullantı sularının axıdılmasına görə alınması nəzərdə tutulmuş məbləğdən həddən artıq çox olduqda, kanalizasiya müəssisəsi, müraciət edəndən kanalizasiya sisteminin genişləndirilməsinə tələb olunan məbləğin bir hissəsinin əvvəlcədən ödənilməsini tələb edə bilər;

– obyektin sahibi obyektin qoşulması ilə əlaqədar işlərin nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini təmin edə bilmədikdə, belə işlər kanalizasiya müəssisəsi tərəfindən qeyd olunan obyektin sahibinin hesabına görülə bilər.

Layihəyə əsasən, tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması məqsədilə müraciət Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ediləcək. Digər hallarda tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması mövcud şəbəkə nəzərə alınmaqla sifarişçinin bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsi ilə elektron qaydada müraciətinə uyğun olaraq, qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt veriləcək. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması üçün sifarişçi kanalizasiya müəssisinə qoşulma xidmətinə görə ödəniş həyata keçirəcək.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçiriləcək və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata keçiriləcək.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş ediləcək və tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçiriləcək.

Kanalizasiya müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə Ən yaxın məsafədə olan lazımi tələbata uyğun və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun tullantı sularının axıdılması sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

 

Sifarişçinin tikinti obyektini kanalizasiya sisteminə qoşmaq məqsədilə kanalizasiya sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaq) hesabına maliyyələşdiriləcək.

 

Məişət abonentlərinin və sutka ərzində tələb olunan 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 gün müddətində həyata keçiriləcək.

 

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 gün müddətində həyata keçiriləcək.

 

Son iki hal istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunacaq.