Tehranın Zəngəzur sancısı kəsilmir – Ekspert səbəbləri açıqladıbackend

Tehranın Zəngəzur sancısı kəsilmir – Ekspert səbəbləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın XİN başçısı vəzifəsini müvəqqəti icra edən Əli Baqeri Kaani Türkiyədə səfərdə olarkən Zəngəzur Dəhlizi məsələsinə toxunub. Tribunainfo.az xəbər verir ki, nazir səlahiyyətlərinin icraçısı CNN Türkə açıqlamasında deyib ki, onlar sərhədlərin dəyişdirilməsinə qarşıdırlar. Baqeri vurğulayıb: “Tehran regionun demoqrafik göstəricilərini və sərhədlərini dəyişdirə biləcək istənilən təşəbbüsün əleyhinədir. Biz regionun inkişafına kömək edəcək hər hansı təşəbbüsü dəstəkləyirik. Lakin regionun demoqrafik göstəricilərini və sərhədlərini dəyişdirəcək heç bir təşəbbüsü qəbul etmirik”.

Bu açıqlama ilə bağlı siyasi ekspert Fikrət Fəraməzoğlu Tribunainfo.az-a bildirib ki, Baqeri bu açıqlamasında İranın bir neçə məsələyə qarşı olduğunu nümayiş etdirib və onların arasında indiyə qədər deyilməyən məsələlər də var.

Onun sözlərinə görə, birinci məsələ, Zəngəzur Dəhlizinin açılmasına qarşı olmalarıdır. “Bu yeni fikir deyil. Hələ II Qarabağ savaşından sonra İranın davamlı olaraq işlətdiyi fikirdir. Tehran heç bir şəkildə Zəngəzur Dəhlizinin açılmasında maraqlı deyil. Bunun çoxlu səbəbləri var. Lakin başlıca səbəbi dəhliz açılarsa, İran çox önəmli mövqe və təsir imkanlarından birini itirmiş olacaq”.

Fəraməzoğlu maraqlı olan iki vacib məqamın ortaya çıxdığını da qeyd edib. O deyib ki, İran XİN başçısının səlahiyyətlərini icra edən şəxs son zamanlar müzakirə olunan Qərbi Azərbaycandan olan insanlarımızın Ermənistana köçürülməsi fikrinə də qarşı olduqlarını dilə gətirib. “Baqeri deyir ki, İran demoqrafik dəyişikliyə də qarşıdır. Bu o deməkdir ki, Tehran gələcəkdə azərbaycanlıların öz ata-baba yurdlarına köçməsi ilə bağlı Azərbaycanın təşəbbüsünə qarşıdır. Çünki azərbaycanlılar Ermənistandakı doğma yurdlarına köçsələr, bu, İranla Ermənistan arasında bütün gizli işlərin üzə çıxmasına səbəb olmaqla yanaşı, həm də İranın Ermənistana açıq dəstək imkanlarını əlindən alacaq. Yəni sözügedən proses baş verərsə, azərbaycanlılar əsasən İranla sərhəddə yerləşən Zəngəzura yerləşəcəklər. Təbii ki, Göycə məsələsi də öz yerindədir. Bu o deməkdir ki, İran Ermənistanla sərhəddə istədiyi kimi davranmaq imkanlarından məhrum olacaq. Buraya logistikadan tutmuş, məxfi yüklərin daşınmasına qədər hər şey daxildir”.

Ekspert ikinci məsələ kimi, Qarabağdan ermənilərin Ermənistana köçməsinə qarşı olmasını göstərir. “Baqerinin açıqlamasında demoqrafik dəyişiklik məsələsinin bir qolu da Qarabağdan köçən ermənilərlə bağlıdır. Iran onların geri qayıtmasında maraqlıdır. Çünki ermənilər Qarabağda olduqları müddətcə, İran Azərbaycana təsir imkanlarını daha da artırmağa nail ola bilər. Necə ki, işğal dövründə və müharibədən sonra bu istiqamətdə xeyli addımlar atmışdı. Eyni zamanda, ermənilərin Qarabağa köçmələri Azərbaycanda separatçılıq meyilləri üçün zəmin yaradacaq ki, bu da İrana sərf edir. Ona görə ki, sabah ermənilər Qarabağda separatçılıqla məşğul olduqda, onlara dəstək verə biləcək”.