«Teatral studiya»: uşaqlarımızın gələcəyi naminəbackend

«Teatral studiya»: uşaqlarımızın gələcəyi naminə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Postpandemiya dövründə istedadlı uşaqların özünüinkişafı, sənət sirrlərini erkən yaşlarından öyrənməsi, bacarıqlarının üzə çıxarılması məqsədi ilə fəaliyyətə başlayan «Teatral studiya» qısa müddətdə xeyli uğurlara imza atıb. Müxtəlif yaş kateqoriyalarından olan balacalarla birgə layihələr, tamaşa və stand-ap şoular, video və onlayn maarifləndirici çarxlarla tamaşaçı rəğbəti qazanan studiyanın bu günlərdə Ramana qəsəbəsində növbəti filialının açılışı baş tutub. Məqsəd təkcə mərkəzdə yox, həm də Abşeronun qəsəbələrində, gələcəkdə isə ölkənin əyalətlərində istedadlı balacaların üzə çıxarmaq, uşaqların vaxtlarını səmərəli təşkil etməkdir. Həm də elə açılış mərasimində sakinlər üçün çıxışlar, milli maskotların əyləncəli oyunları, sehrli şou və.s təşkil etməkdə niyyət qəsəbələrdə təbliğat işini doğru-düzgün qurmaq və teatral uşaqların sayını artırmaqdır.

Studiyanın bədii rəhbəri Səbinə Məmmədzadənin TİA.AZ-a verdiyi açıqlamaya görə, akademiyada rəqs, gimnastika, aktyor sənəti və səhnə danışığı dərsləri tədris olunacaq: “Şəhid və qazi ailələrinin övladları, uşaq evlərinin körpələri üçün təhsil təmənnasızdır. Sakinlər qəsəbədə belə bir məkanın açılışını müsbət qarşıladılar. Ailəmizə yeni uşaqlar daxil oldu. Layihənin məqsədi Bakı kəndlərində uşaqlar üçün belə şərait yaradıb, onların sağlam inkişafına xidmət etməkdir. Çətin karantin dövründən bu niyyətlə yola çıxanda bizə inanan, övladını etibar edənlər çox ya az olacaq deyə düşünürdük. Amma bu gün şükürlər olsun ki, növbəti filialımız fəaliyyətə başlayır və «Teatral studiya» Uşaq Aktyorluq Akademiyasının öz auditoriyası var. İnanırıq ki, bu uşaqların arasından gələcəyin parlaq sənətkarları da yetişəcək və bu da sənətin inkişafına faydalı olacaq şübhəsiz. Artıq Ramana qəsəbəsində “Teatral studiya”nın təşkil etdiyi silsilə tədbirlər həyata keçirilir və müsbət reaksiyalardan xeyli ruhlanırıq».
Studiyanın təşkil etdiyi dərslərə və master-klasslara qoşulan balacalar təkcə sənətin sirrlərini, aktyorluq texnikasını mənimsəmir, həmçinin onlarda vətənpərvərlik duyğularının aşılanması, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı mühüm hadisələrin öyrənilməsi üçün proqramlar həyata keçirilir. Bu mənada 8 Noyabr Qələbə gününə həsr olunmuş, Studiya şagirdlərinin ifasında «Salam Əsgər» filminin nümayişi də xüsusi qeyd edilməlidir. Filmin ssenari müəllifi yazıçı-dramaturq Pərvin, rejissoru Vüqar Nəsirov, prodüseri Nailə Namazova, quruluşçu operatoru Elçin Qarayev, rəssamı Səriyyə Zeynallıdır. Filmdə balacaların yurdu düşməndən xilas etmiş əsgərlə xəyali söhbəti vasitəsiylə onların böyüklərə inamı, azad torpaqlara görə minnətdarlığı, sevinci ifadə olunur.
Qeyd edək ki, son bir ildə Studiyanın imza atdığı bu kimi mühüm, uğurlu işlər böyük marağa səbəb olub. «Teatral» Caspian Avards mükafatları seriyasından İlin trendi nominasıyasında ödülə layiq görülüb.