Sumqayıtda yaşlı qadını öldürən taksi sürücüsü: “Yolu asta addımlarla keçirdilər”backend

Sumqayıtda yaşlı qadını öldürən taksi sürücüsü: “Yolu asta addımlarla keçirdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıtda 61 yaşlı qadını və onun 6 yaşlı qardaşı qızını avtomobillə vuraraq qadının ölümünə səbəb olan taksi sürücüsünə hökm oxunub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən il baş verib. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 40 yaşlı Süleyman Hüseynov etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçməkdə olan qadın və azyaşlı uşağı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən vəfat edib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Süleyman Hüseynov bildirib ki, etdiyi əməldən peşmandır: “Onlar yolu asta addımlarla keçirdilər. Mən əyləcə basaraq sürəti azaltmaq istəsəm də, onlara dəydim. Sürət həddi 50-55 km/saat idi. Hadisə baş verən kimi aşağı düşüb onlara kömək etməyə çalışdım. Qadını maşına qoyub xəstəxanaya çatdırsam da, o öldü. Hadisəyə görə çox peşmanam”.
Hadisə zamanı xəsarət alaraq ölən qadının qardaşı məhkəmədə verdiyi ifadədə bildirib ki, bacısı ailə qurmadığı üçün birlikdə yaşayıblar:
“Həyat yoldaşım mənə zəng edərək bildirdi ki, qızımla bacımı maşın vurub. Uşağı evə gətiriblər, amma bacımı xəstəxanaya aparıblar. Orada da vəfat edib”.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Süleyman Hüseynov 5 il iki ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.