SON DƏQİQƏ: ERMƏNİLƏR QARABAĞA TEXNİKA YIĞIR, ÜÇÜNCÜ MÜHARİBƏ QAPIDA – ŞƏRHbackend

SON DƏQİQƏ: ERMƏNİLƏR QARABAĞA TEXNİKA YIĞIR, ÜÇÜNCÜ MÜHARİBƏ QAPIDA – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Ermənistan Qarabağa hərbi texnika yığır. Proses belə davam edərsə, Azərbaycan yaxın vaxtlarda növbəti hərbi əməliyyat keçirmək məcburiyyətində qalacaq. Ancaq bu, iri miqyaslı hərbi əməliyyat olmayacaq. Bunu müharibə kimi qiymətləndirmək düzgün olmazdı. Bu, antiterror əməliyyatı olacaq.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Ramil Məmmədli deyib. Onun sözlərinə görə, son iki il ərzində baş verən proseslər növbəti hərbi əməliyyatlara zəmin yaradıb:

“Bu zəmini yaradan isə Ermənistan tərəfidir. Müharibədən sonra Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz ordu birləşmələrini çıxardı. Buna baxmayaraq, hələ də Qarabağ ərazisində, xüsusən də dağlıq hissələrdə Ermənistan müdafiə nazirliyinin birinci əlahiddə ordu birləşməsi hələ də qalmaqdadır və nizami ordu birləşmələri mövcuddur. Həmçinin, orada qanunsuz erməni silahlı dəstələri mövcuddur.


Çox təəssüf ki, ötən bu dövr ərzində Ermənistan öz üzərinə götürdüyü öhtəliyi icra etmədi, əksinə Qarabağdakı hərbi birləşmələrin təchizat və təminat problemlərinin həlli ilə məşğul oldu. Həmçinin, yeni mühəndis istehkam xətlərinin qurulmasına başladı.
Belə olan təqdirdə, Azərbaycan tərəfi müəyyən tədbirlər həyata keçirmək məcburiyyətində qaldı. Bu iki il ərzində Azərbaycan bir neçə antiterror əməliyyatı keçirib. Laçında Qaragöl istiqamətində, Qırxqız, Sarıbaba yüksəkliyi, Fərrux yüksəkliyi istiqamətində antiterror əməliyyatları olub. Bütün bunlar Ermənistanın özünü məğlub tərəf kimi hiss etməsinə imkan yaratmadı. Sanki Ermənistan hər addımda yenidən hansısa uğur əldə edib”.

R.Məmmədli bildirib ki, Azərbaycan Ermənistanın Qarabağa silah daşımasından, Hindistan və bu kimi bir çox ölkədən silahlar almasından da, yaxşı xəbərdardır:

“Azərbaycan tərəfi artıq vəziyyətdən xəbərdardır. Proseslər onu göstərir ki, Ermənistan ordusu, Erməni hərbi birləşmələri müharibəyə hazırlaşır. Buna başqa ad vermək, başqa şəkildə təhlil etmək mümkün deyil. Aydın görünür ki, Ermənistan Qarabağa hərbi texnika yığır. Proses belə davam edərsə, Azərbaycan yaxın vaxtlarda növbəti hərbi əməliyyatı keçirmək məcburiyyətində qalacaq. Bunu iri miqyaslı hərbi əməliyyat kimi, yəni müharibə kimi qiymətləndirmək düzgün olmazdı. Düşünmürəm ki, bu, bütün təmas xətti boyunca aparılan əməliyyat olacaq. Hesab edirəm ki, növbəti yüksəklik və mövqelər Azərbaycanın nəzarətinə keçəcək. Qarabağın dağlıq hissəsinin mərkəz rayonunda, yəni Şuşa şəhəri, Xankəndi şəhəri, Ballıca qəsəbəsi, Xocalı şəhəri, Əsgəran şəhəri istiqamətində Azərbaycan öz mövqelərini gücləndirəcək. Ermənilər tərəfindən hər hansısa təxribat baş verərsə, Azərbaycan ordusu birmənalı olaraq əməliyyat keçirib, vacib strateji mövqeləri nəzarətə götürəcək”.

Siyasi şərhçi hesab edir ki, proseslər bu cür getməyə də bilər:
“Çünki bu, Ermənistanın atacağı addımdan asılıdır. Sülh müqaviləsinə razılıq verərsə, Qarabağdan hərbi birləşmələrini çıxararsa, bu əməliyyatlar olmaya bilər. Ermənistanın boyun qaçıracağı təqdirdə növbəti antiterror əməliyyatının olacağı mütləqdir”.

Nigar

Tribunainfo.az