“Səbail”ə görə küçəyə atılan tələbələrbackend

“Səbail”ə görə küçəyə atılan tələbələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, bəlkə də yeganə ölkədir ki, burada təhsili idmana qurban verirlər. Təhsil müəssisələri məcbur edilir ki, idman təsərrüfatını maliyyələşdirsin. Futbol təsərrüfatı da təhsildən “pay” alır.

Rövnəq Abdullayevin oğlu üçün yaratdığı “Səbail” klubu da təhsilin kabusuna çevrilib. Bu komandanın sponsorlarından biri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətidir. İdarə hər il “Səbail”in büdcəsinə 2 milyon manat vəsait köçürdür. Bununla iş bitsəydi…

Məsələ burasındadır ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti “Səbail”ə görə təhsilə xor baxır. Azərbaycan Dövlət Dəniz Akademiyasında ixtisaslı kadrlar hazırlanır. Bu akademiya dənizçilik təsərrüfatı üçün kadr hazırlayan köklü təhsil ocağıdır. Müasir dövrdə ixtisaslı, peşəkar kadrların hazırlanmasına xeyli vəsait yatırılır. Amma dünyanın başqa ölkələrində. Azərbaycanda isə universitetlərin heç tələbə yataqxanaları da yoxdur. Ancaq Dəniz akademiyası istisna olub. Təhsil ocağının təmir olunmuş yataqxanası var. Orada tələbələr üçün hər cür şərait yaradılıb. Və Bakıda evi olmayan tələbələr də bu yataqxanada məskunlaşırdılar. Amma indi o yataqxana tələbələrin əlindən alınıb. Niyə? Niyəsi odur ki, yataqxanaya “Səbail”in legioner futbolçuları yerləşdirilib.

Yataqxanada bir neçə otaq xanım tələbələr üçün saxlanılıb, oğlan tələbələr isə hamısı oradan çıxarılıb.Göstərişin isə  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəhbərliyi tərəfindən verildiyi bildirilir. “Səbail” Rövnəq Abdullayevin oğlu üçün yaratdığı klubdur. Bunu özü etiraf edib. Mətbuata verdiyi açıqlamada bildirmişdi ki, oğlum başını qatsın deyə bu komandanı yaratdım.

“Səbail” Azərbaycan çempionatının autsayderlərindəndir. Daha doğrusu, əbədi autsayderdir. Böyük ehtimalla, elə bu statusda da qalacaq.

Amma “əbədi autsayder”, gələcəyi olmayan bir komanda üçün xaricdən xeyli futbolçu gətirilir, onlara böyük məbləğdə məvacib verilir. Bu azmış kimi təhsil də vecsiz komandanın vecsiz legionerlərinin ayaqları altına atılır. Əcnəbilər rahat olsun deyə, tələbələr yataqxanadan didərgin salınır.

Adlarının açqlanmasını istəməyən (onların bu istəyini anlayışla qəbul edirik) bir neçə tələbə Aut.az-a müraciət edərək bu problemin ictimailəşdirilməsini istədi. Biz də yazdıq. Amma həll olunacağına təminat vermirik. Nöşün ki, Azərbaycanda prioritet belədir: Təhsil olmasa da, olar. Əsas idmandır, legionerlərin rahatlığıdır. Təəssüf ki…

Aut.az