“Şagirdlər erkən yaşda akademik təzyiqə məruz qalır” – EKSPERTbackend

“Şagirdlər erkən yaşda akademik təzyiqə məruz qalır” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Kamran Əsədov təhsil sistemində müşahidə olunan problemlərdən söz açdı.

Tribunainfo.az-a açıqlama verən ekspert bildirdi ki, son illərdə birinci siniflərdən etibarən uşaqların məktəbdən əlavə hazırlıq kurslarına yönləndirilməsi, təhsil sistemində müşahidə olunan dəyişikliklərdən qaynaqlanır.

“Bunun əsas səbəblərindən biri təhsil proqramlarının daha erkən yaşlarda mürəkkəbləşməsi və valideynlərin uşaqlarının məktəbdə uğurlu olmaları üçün təzyiq hiss etməsidir. Müasir tədris proqramlarının əvvəlki illərlə müqayisədə daha sürətli və dərin mövzuları əhatə etməsi valideynləri əlavə dəstək axtarışına sövq edir.

Əvvəllər 5-ci sinifdə keçilən mövzuların indi daha erkən yaşlarda tədris olunması bu təzyiqi artıran amillərdəndir. Proqramların ağırlaşdırılması və tədris materiallarının daha erkən yaşlarda təqdim olunması, uşaqlardan daha sürətli və geniş bilik mənimsəmə qabiliyyəti tələb edir. Valideynlər və müəllimlər isə məktəbin verdiyi tədrisin bu sürətli inkişafı qarşısında kifayət etmədiyini düşünərək, əlavə hazırlıqlara ehtiyac duyurlar.

Bundan əlavə, valideynlərin universitet qəbul imtahanlarının nəticələrinə həddindən artıq fokuslanmaları və rəqabətçi təhsil sistemində övladlarının geridə qalmaması üçün erkən yaşlardan onları hazırlıq kurslarına yönləndirməsi bu vəziyyəti daha da dərinləşdirir. 20 il əvvəlki təhsil sistemində daha geniş zaman dilimində öyrədilən mövzular indi daha erkən və sürətli şəkildə mənimsədilməli olur. Bu, uşaqların təhsil sisteminə adaptasiya olmasını çətinləşdirir və onların erkən yaşlardan tədris yükü ilə üzləşməsinə səbəb olur.

Təhsildə bu dəyişikliklər həmçinin texnologiyanın və rəqəmsal vasitələrin tədrisə inteqrasiya edilməsindən də qaynaqlanır. Əvvəllər uşaqların daha gec yaşda öyrəndikləri biliklər, indi daha erkən təqdim olunur, çünki müasir dövrdə texnologiya vasitəsilə informasiyaya daha sürətli və asan çıxış imkanı yaranıb. Bu isə təhsil sistemini yenidən qurmağa və uşaqlara daha erkən yaşlarda mürəkkəb mövzuların öyrədilməsinə yönəldir.

Bu proseslərin nəticəsi olaraq, uşaqların erkən yaşlarda akademik təzyiqə məruz qalması onların tədrisə marağını azalda bilər və emosional vəziyyətlərinə mənfi təsir göstərə bilər. Bunun qarşısını almaq üçün təhsil sistemində balanslaşdırılmış yanaşma tətbiq olunmalı, uşaqların yaşlarına uyğun tədris proqramları hazırlanmalı və əlavə hazırlıq kurslarına olan ehtiyac azaldılmalıdır”.