Qeydiyyat rüsumunun artımı telefon satışına necə təsir edib? – Son vəziyyətbackend

Qeydiyyat rüsumunun artımı telefon satışına necə təsir edib? – Son vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Novruz Məmmədovun “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə imzaladığı qərar iyulun 31-dən qüvvədir.

Qərara əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib. Qərardan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir.

Belə ki, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat, digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəyir. bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.

Dövlət rüsumunun artmasından sonra qiymətləri, alıcılıq qabiliyyətini öyrənmək üçün “28 May” metrostansiyasının yaxınlığındakı mağazalara baş çəkdik.

İlk daxil olduğumuz mağazada satıcıya yaxınlaşıb qiymətlərlə maraqlanırıq. Mağazadakı alıcı qıtlığı nəzərimizdən qaçmır.

Satıcı deyir ki, qiymət artımı var: “Artım ancaq qeydiyyat rüsumunun qiymətinə görədir. Yəni, qiymət əvvəl olduğu kimidir. Sadəcə rüsum 20 manatdırsa, qiymətin üzərinə 20 manat əlavə pul qoyuruq. Azalma olsa da, alıcı var. Telefon alanlar daha çox kreditə üstünlük verirlər. Daha çox hədiyyə və hansısa tədbir üçün alırlar. Mağazaya daxil olan müştəri qiymət artımınının bütün dükanlarda eyni olduğunu bilir. Ona görə də narazılıq olmur. Alanlar da orta məbləğə üstünlük verir. Hazırda mağazadakı ən bahalı telefon “iPhone X”dir. Onun rüsümu da 150 manatdır. Yəni əvvəlki qiymətlə indiki qiymət arasında fərq 150 AZN-dir. Rüsum 5 manat olanda daimi müştərilərim vardı ki, indi onlar yoxdur. Qiymətin artması mənə bu tərəfdən zərbə oldu. Başqa fərq yoxdur”.

Digər mağazaya keçirik. Satıcı alıcılıq qabiliyyətinin yaxşı olduğunu bildirir. Amma biz orada olduğumuz müddətdə telefonla maraqlanan bir nəfər də görmürük.

Satıcı deyir ki, yeni çıxan “Xiaomi” telefonlarının satışı çox yaxşıdır: “Mağazaya daxil olan müştərinin ilk maraqlandığı telefondur. Qiymətləri də münasib olduğu üçün “Samsung”la başa-baş olduğunu deyə bilərəm. Əvvəlki kimi “iPhone” satılmır. Satılanlar isə işlənmiş modellər olur. Çox adamın imkanı yoxdur ki, 1700-2000 manat telefona versin. Bu qiymətdə telefonlar daha çox yüksək təbəqənin cibinə uyğun olur”.

Digər mağzadakı vəziyyətlə də maraqlanmaq üçün olduğumuz dükanı tərk edirik. Daxil olduğumuz digər mağazadakı müştəri ilə söhbətləşirik. Alıcı bildirir ki, köhnə telefonu xarab olduğu üçün yenisini alacaq: “Telefonsuz çox çətindir. Qiymətlərin artığından xəbərim var. İndi baxıram görüm cibimə uyğun birini alacam. Təxminən 300-350 manatlıq bir model ala biləcəm. Telefonum xarab olmasaydı, yenisi haqqında düşünməzdim. Gözlənilməz oldu”.

Mağazanın sahibi deyir ki, alanlar ucuz modellərə üstünlük verir: “Mağazada 45 manatdan tutmuş, 3400 manata kimi telefon var. Yaşlı nəsil ucuz telefonlar alır. Görünüşə, kamerasının gücünə və digər parametrlərə daha çox gənc nəsil üstünlük verir. Bir də görürsən ki, yaşlı nəslin nümayəndələri 2006-2007-ci ildə çıxan telefonları üçün batareya almağa gəlirlər. O vaxtın telefonları ancaq danışıq üçün istifadə edildiyi üçün gec sıradan çıxır. İndiki “ağıllı” smartfonlar isə insanların əvəzedilməzinə çevrilib. Az qala bütün işlərini onunla görürlər deyə, tez sıradan çıxır”.

Satıcının dediyi 3400 manatlıq telefonun markası və modeli ilə maraqlanırıq. Həmin telefon ən son təqdim edilən “Iphone XS” modeli olduğu məlum olur: “Alanlar olub. Qiyməti baha olduğu üçün çox gətirməmişik. İstəyən olsa, bir neçə günə mağazadan götürə bilir. Çox mağazada yoxdur. Baha və modelə marağın zəif olduğuna görə gətirmirlər”.