Qazaxıstanda rusiyalılara qarşı münasibət bir neçə ildir kəskin dəyişib. Millətçilərdən ibarət dəstələr dövlət orqanlarında rusca danışılmasına dözmək istəmir. Buna qarşı bir-birinin ardınca aksiyalar keçirilir. Rusdillilər dövlət idarələrində qazaxca danışılmağa vadar edilir. Sosial mediadakı bəzi videolarda aqressiv reaksiyalar nəzərə çarpır. Dövlət dili ilə bağlı islahatlar yeni dalğaya yalnız təkan verir. Millətçilər qazax dilinə hörmət olunmasını tələb edir. Cəmiyyətdə rusca danışmaq arzuolunmaz davranış kateqoriyasına çevrilib.
TİA.AZ bizimyol.info-ya istinadla xəbər verir ki, Ukrayna müharibəsi başlayandan Qazaxıstanda bu istiqamətdə yenə ciddi fəallıq hiss olunur. Orta Asiya dövlətində Kremlin torpaq iddialarına görə həmişə narahatdırlar. Bunun üçün də dil məsələlərinə böyük həssaslıq nümayiş etdirilir. Üstəlik, “Z” simvolu yerli əhalidə aşkar qıcıq oyadır. Sosial mediada yayılan bir videoda rusca danışan qadın Pavlodar vilayətindəki kurort zonasında pis münasibətlə qarşılaşdıqlarını bildirir. Onun sözlərinə görə, avtomobillərinin şüşəsinə “Z” simvolunun yapışdırılması başağrı yaradıb.
“Bizi burada çox, çox, çox pis qarşıladılar. Üstümüzə hücum çəkdilər. Bizi faşist adlandırdılar. Deyirlər ki, Ukraynaya hücum etmisiniz. Baxın, ordakı avtobusun sürücüsü deyir ki, ruslar rədd olsun buradan. O da bizim faşist olduğumuzu bildirdi”.
Qadın hər yerdə aqressiv münasibətlə üzləşmələrindən gileylənir. Videoda avtomobilin şüşəsində “Z” simvolu gözə dəyir. Rəylərdən belə anlaşılır ki, rusca danışan qadın və onun yaxınları kurort zonasını tərk etməli olub. Ukraynalı jurnalist Dmitri Qordon da rusiyalıların oradan qovulduğunu yazıb.
Rusiya vətəndaşlarına postsovet məkanının əksər yerlərində isti münasibət göstərilmir. Başqa bir videoda Moldovada əyləncə mərkəzinə gələn rusdilli qadın içəri buraxılmamasına görə şikayət edir. Onun dediyinə görə, rusiyalı olduğunu bilən kimi buradan uzaqlaşmağı tələb ediblər. Qadın baş verənlərə ucadan etirazını bildirir. Amma ona məhəl qoyan olmur.