Qanunsuz ovlanan bioresursların həcmi açıqlandıbackend

Qanunsuz ovlanan bioresursların həcmi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2018-ci il və 2019-cu ilin dörd ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 inzibati xəta faktı aşkar edilib.

TİA.AZ-ın məlumatına görə, bunu Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub:

“Onlardan qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd xərçəng və digər su bioresursları götürülüb”.

Bölmə rəisi qeyd edib ki, cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulub:

“İnzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. 2019-cu ilin dörd ayı ərzində 72 qanunsuz balıqovlama, iki qanunsuz ov etmə cinayət faktları aşkar edilib, bu sahədə 48 inzibati xəta faktı aşkar edilib”.

Elmir Süleymanov qeyd edib ki, Azərbaycan bazarlarında satılan nərə cinsli balıqların 99,9 faizi ölkəyə xaricdən gətirilir:

“Bu gün Azərbaycanda nərə cinsli balıqların yetişdirilməsi ilə məşğul olan fermalardan da balıqlar yerli bazarda satışa çıxarılır. Son günlər nərə cinsli balıqların ovlanması ilə bağlı yayılan video 2015-ci ilə məxsusdur. O rolikdə Azərbaycan vətəndaşları olsa da, balığın ovlanması Azərbaycana məxsus olan su hövzəsində çəkilməyib”.