Putinə tavan qoyurlar: Rusiya nefti üçün yeni qiymət həddi tələb olunurbackend

Putinə tavan qoyurlar: Rusiya nefti üçün yeni qiymət həddi tələb olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 15-də Avropa İttifaqı Rusiya neftinə tətbiq olunan qiymət tavanına yenidən baxacaq.
Tribunainfo.az xəbər verir ki, “Bloomberg”in yazdığına görə, İttifaqın üzvü olan Estoniya, Litva və Polşa qiymət tavanının 60 dollardan 51,45 dollara endirilməsində təkid edirlər. Onlar bazar qiymətindən 5 faiz aşağı həddin tətbiq olunmasını Rusiyanın neft gəlirlərinin minimallaşdırılması üçün ideal variant hesab edirlər.

Qeyd edək ki, Rusiya neftinə 60 dollarlıq qiymət tavanını Avropa İttifaqı və G7 ölkələri 2022-ci ilin 5 dekabrından tətbiq ediblər. Həmin qiymətdən yuxarı satılan Rusiya neftinin ticarətinin bu qrup ölkələrə məxsus banklar tərəfindən maliyyələşdirilməsi, sığorta şirkətləri tərəfindən sığortalanması qadağan olunub.

Rusiya Maliyyə Nazirliyinin məlumatından aydın olur ki, ölkənin əsas ixrac məhsulu olan Urals markalı neftin qiyməti yanvar-fevral aylarında 50 dollardan aşağı olub. Fevralda “Urals”ın bir barel üçün orta qiyməti 49,56 ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin fevral göstəricisi (92,15 dollar) ilə müqayisədə demək olar ki 1,86 dəfə azdır. Bu ilin yanvar ayının göstəricisi (49,48 dollar) ilə müqayisədə fevralda “Urals” neftinin qiyməti 1,16 faiz artıb, lakin Qərbin müəyyənləşdirdiyi tavandan, həmçinin dövlət büdcəsinin hesablandığı 70 dollardan kəskin aşağı olmağa davam edir. Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında “Urals” neftinin orta qiyməti 49,52 dollar təşkil edib, bu da illik müqayisədə 44,3 faiz azalma deməkdir.

Rusiya Prezidenti Vladimir Putinin əmrinə əsasən qiymət tavanına əməl edən alıcılara neft satışı qadağan olunub. Rusiya Avropaya gedə bilməyən neft həcmlərini əsasən Asiyaya – Çin və xüsusilə də Hindistana yönəldir. Son günlərədək Hindistanın qiymət tavanına qoşulmayacağı gözlənilirdi. Lakin ötən həftə bu ölkənin rəsmiləri qərara əməl etməyə məcbur olduqlarını açıqlayıblar.

Xatırladaq ki, fevralın 5-dən Rusiyanın neft məhsullarına da qiymət tavanı tətbiq olunub. Məhsuldan asılı olaraq bu tavan 100 və 45 dollar həddindədir.