İranın yeni prezidenti Məsud Pezeşkian hökumətini formalaşdırmaq üçün nazirlərin siyahısını parlamentə təqdim edib. Tribunainfo.az xəbər verir ki, İslam Şurası (İran parlamenti belə adlandırılır) şənbə günü kabinetlə bağlı yekun qərarını açıqlayacaq.
Tribunainfo.az Pezeşkian hökumətində təmsil olunacaq Azərbaycan türklərinin sayını müəyyən etmək üçün müəyyən araşdırma aparıb. Belə ki, həmin nazirlərin harada doğurlması və haqlarında bilgilərə əsasən yeni hökumətdə soydaşlarımızın sayını müəyyən etmək mümkün olub.
Qeyd edək ki, İranın kənd təsərrüfatı naziri postuna namizəd Qulamrza Nuri Qazalçeh Təbrizin 28 km-də yerləşən, xalis türk şəhəri olan Bostanabadda doğulub.
Ədliyyə naziri postuna namizəd Əmin Hüseyn Rəhimi isə Azərbaycan türklərinin kompakt yaşadığı Həmədan vilayətinin Malair şəhərində anadan olub. Qeyd edək ki, Malair şəhərinin əhalisinin 85 faizi türklər təşkil edir.
XİN başçısı Abbas Əraqçi Tehranda doğulsa da, onun əslən ərdəbilli olduğuna dair çoxlu sayda məlumat var. Hələ Pezeşkian yeni prezident seçiləndə Əraqçını XİN başçısı kimi gördüyünü deyərkən, “həmyerlilərini başına yığır” ittihamı ilə üzləşmişdi.
İdman və gənclər naziri Əhməd Dünyamalı isə Ənzəli şəhərində anadan olub. Ənzəli Azərbaycan türkləri və talışların yaşadığı məntəqədir. Şəhərdə əksəriyyət Azərbaycan dilində danışır. Dünyamalının isə atasının türk, anasının isə talış olduğu deyilir.
Səhiyyə naziri Məhəmmədrza Zəfərkəndi də Əraqçı kimi, Tehranda doğulub. Onun əslinin Təbrizdən olduğu deyilir. Hətta Pezeşkianla birlikdə Təbriz Tibb Universitetində oxuyaraq, müxtəlif xəstəxanalarda çalışıblar.
Müdafiə naziri general Əziz Nəsirzadə isə Şərqi Azərbaycan vilayətinin (mərkəzi Təbriz şəhəridir) Sarab şəhərində anadan olub. Sərab xalis Azərbaycan şəhəridir və bu məntəqədə farslar demək olar ki, yaşamırlar.
İqtisadiyyat və maliyyə naziri Əbdül Nasser Hemmatinin haqqında isə ikili fikir var. O, Azərbaycan türklərinin çoxluq təşkil etdiyi Həmədan vilayətinin Kabudar Ahangda şəhərində anadan olub. Bəzi iddialara görə, farsdır. Amma onun Həmədan türklərindən olduğu da deyilir. Həyat yoldaşı Sepidə Şəbüstəri isə Təbrizin Şəbüstər məntəqəsindəndir.