Rusiya – Ermənistan münasibətlərində gərginlik kritik həddə çatıb: İrəvan Haaqa məhkəməsinin Putin haqda həbs orderi ilə bağlı Roma statutunu parlamentdə ratifikasiya etməyə hazırlaşır, ABŞ-Ermənistan hərbi təlimləri başlanır, spiker Simonyan Rusiya XİN sözçüsü Zaxarovanı “hansısa idarənin hansısa katibəsi” adlandırır, erməni rəsmilər açıq mətnlə Moskvanı ittiham edir, bölgəyə Qərbi çağırır, Kreml isə buna çox sərt reaksiya ilə fikirlər bildirir. Tarixdə ilk dəfədir ki, erməni rus vassallığından çıxmağa can atır və özünə təzə qucaq tapır. Tribunainfo.az yazır ki, İrəvanla Moskvanın qarşıdurması bizə sərf edir. Bu əlaqələr nə qədər pisləşərsə, Ermənistan Rusiyaya xəyanət etməyə davam edərsə, Qarabağ məsələsində daha böyük irəliləyiş əldə edilə bilər. Hazırkı gərginlik artan xətt üzrə gedir. Ermənistan rus qoşunlarını ərazilərindən çıxarmaq istəyir. Lakin Moskva təmkinli siyasət yürüdür və Paşinyanın cəzalandırılması üçün fürsət gözlənilir. Fransa və ABŞ Nikolu hələ ki müdafiə edirlər. Nəticədə İrəvan Kremldən üz çevirir. Rus eksperti Mixaylov baş verənləri xəyanət adlandırıb. Gedişat isə Ermənistanda çevrilişlə nəticələnə bilər. Bunun üçün şərait yetişməyib, Paşinyan daxildə hakimiyyətini möhkəmləndirir. Ancaq onun zəif nöqtələri var və Putin onları əla bilir. Ermənistan isə strateji mübarizədən faydalanmaq niyyəti güdür. Ermənistan KTMT-dəki nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. O, Ermənistanın Hollandiyadakı səfiri təyin edilib. Simvolizm həvəskarları üçün qeyd etməliyik ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin axtarışda olduğu Hollandiyada yerləşir. Moskva bunu ona qarşı bir aksiya kimi qələmə vermək qərarına gəlib.
Ermənistan artıq KTMT-yə yeni səfir təyin etməyəcək. Bu, Ermənistanın KTMT-də iştirakının azalmasıdır. Üstəlik, aylar əvvəl Ermənistan Belarusda planlaşdırılan KTMT hərbi təlimlərində iştirakdan, erməni tərəfi də Ermənistanda KTMT hərbi təlimlərinə ev sahibliyi etməkdən imtina edib.